Türkiyə prezidenti Recep Tayyip Erdoğan İraqın şimalında keçirilən referenduma münasibət bildirib.
Abzas.net xəbər verir ki, Türkiyə prezidenti “2017-2018-ci illərdə Ali təhsil akademik ili”nin açılış mərasimində çıxış edərkən bu barədə danışıb.
"Sanksiyalara qərar versək tək qalacaqsınız"
Erdoğan bildirib ki, Şimali İraqdakı yerli hakimiyyət "referendum"u keçirməklə böyük səhvə yol verdi:
"İsraildən başqa heç bir beynəlxalq qurum bu "referendum"u dəstəkləmir. Hadisələrin bu gedişatı bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya yalnız İsraildən ibarət deyil. Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlik çəkirlər. Sən bir İsraillə nə edə bilərsən? "Biz etdik, oldu" deməklə olmur bu işlər. Olmayacaq, heç vaxt ola bilməz. Biz sanksiyaları tətbiq etməyə qərar versək tək qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar Şimali İraqda işləmədikdən sonra yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bəs bu zaman bunlara İsrail nəyi və haradan göndərəcək?"
"Bugün sizi ortalığa buraxanlar, sabah sizi tək qoyacaq"
"Biz son anadək Barzani-nin (İraqın şimalındakı yerli hökumətin başçısı Mesud Barzani nəzərdə tutulur) belə bir səhvə yol verəcəyini gözləmirdik. Görünən odur ki, yanılmışıq. Alınan bu qərar açığı ölkəmiz üçün də xəyanətdir. Bu məsələ Bərzaninin iddia etdiyi kimi heç də “kürdlərin haqqı” məsələsi deyil. Əyalət olaraq varlığını davam etdirərdi. Bu yollara əl atmağa nə ehtiyac vardı? Türkmənlər və ərəblər səsverməyə getmədi. “Referendum”u İraqın şimalındakı yerli hökumət keçirir. Terrorçu PKK da bayram edir. İştirakçıların sayı da şübhəlidir. Bunu unutmayın ki, bu gün sizi ortalığa atanlar sabah sizi tərk edəcək və tək qalacaqsınız".
Türkiyə prezidentinin sözlərinə görə, bu məsələ ilə bağlı sanksiyalar, hərbi müdaxilə və digər tədbirlər barədə müzakirələr gedir:
"Bu məsələlərlə bağlı əlimizdə çoxlu tarixi məlumatlar var. Onlar müzakirəyə çıxarılıb gündəliyə gətiriləcək. İqtisadi sanksiyalardan tutmuş hərbi variantlaradək bütün planlar masa üzərindədir. Ümid edirəm ki, İraqın şimalındakı yerli hakimiyət ağlını başına toplayacaq və bunların tətbiqinə ehtiyac qalmayacaq."