Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Abzas.net xəbər verir ki, Ağdam təmsilçisi II tur çərçivəsində İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək.
Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu adına ilkə imza atan “köhlən atlar” romalılarla görüşdə daha bir tarix yazacaq. Satışa çıxarılan bütün biletlərin satıldığı üçün Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı rekord sayda - 65 min azarkeş izləyəcək.
Son 9 görüşdən yalnız 1-də uduzub
ÇL-də debüt matçında İngiltərədə “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda ev oyunları zamanı müsbət nəticə əldə etməyi bacaran bir kollektivdir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda keçirdiyi son 9 görüşdən yalnız 1-də uduzub. Ağdamlılıar 2016-cı il dekabrın 8-də Avropa Liqasının qrup mərhələsi matçında digər İtaliya təmsilçisi “Fiorentina”ya məğlub olub (1:2).
“Qarabağ” İtaliya klublarına qarşı keçirdiyi oyunlarda yaxşı nəticə əldə edə bilmir. Azərbaycan çempionu 4 oyundan 3-də uduzub, 1-də heç-heçə edib. Ağdam komandası evdə “Fiorentina”ya yenilməklə bərabər, 2014/2015 mövsümündə Avropa Liqasının qrupunda “İnter”lə heç-heçə edib. Milanda rəqibinə 2 cavabsız qolla uduzan Q.Qurbanovun rəhbərlik etdiyi kollektiv, İtaliyada “Fiorentina”ya böyük hesabla məğlub olub (1:5).
“Roma” ümumilikdə 10-cu, son 4 mövsümdə isə 3-cü dəfə ÇL-in qrupunda çıxış edəcək. İtaliyalılar ötən mövsüm ÇL-in “pley-off” mərhələsində Portuqaliya “Portu”suna uduzub və mübarizəni Avropa Liqasında davam etdirib. Burada 1/8 finala qədər irəliləyən “Roma” iki oyunun nəticəsinə əsasən, Fransa “Lion”una məğlub olub – 4:5 (2:4, 2:1).
ÇL-də son 7 matçda qalib gələ bilməyiblər
Yeni mövsümün ilk turunda İspaniyanın “Atletiko” komandası ilə qolsuz heç-heçə edən romalılar ÇL-də son 7 matçda qalib gələ bilməyiblər. Sonuncu qələbə 4 noyabr 2015-ci ildə Almaniya “Bayer”i ilə görüşdə olub – 3:2. Bu, həm də turnirdə son 16 görüşdə yeganə qalibiyyətdir. Paytaxt komandası ötən mövsüm Avropa Liqasında 5 səfər oyunundan 2-də qalib gəlib. Lakin "sarı-qırmızılar" ÇL-də son 10 səfər qarşılaşmasından qələbəsiz ayrılıblar.
Komandalardan heç birinin heyətində cəzalı futbolçular olmasa da, zədəlilər gözə dəyir. “Roma”dan hollandiyalı arxa xətt oyunçusu Rik Karsdorp, nigeriyalı müdafiəçi Nura Abdullahi və çexiyalı hücumçu Patrik Şik zədə üzündən "Qarabağ"la görüşdə iştirak etməyəcək. Argentinalı forvard Dieoqo Perottinin durumu isə sual altındadır. Ağdam təmsilçisində isə sol cinah müdafiəçisi Ansi Aqollinin durumu sual altındadır. Albaniyalı futbolçu zədəsini sağaltsa da, oynamağa tam hazır deyil.
Hər iki kollektiv ötən həftə ölkə çempionatında son oyunlarını evdə keçiriblər və qalib gəliblər. “Roma” “Udineze”ni 3:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.
Çempionlar Liqası, II tur
C qrupu
27 sentyabr
20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya stadionu.