Ukrayna prezidenti Petro Poroshenko Micheil Saakashvili-nin Ukrayna sərhədini keçməsinə münasibət bildirib.
Abzas.net xəbər verir ki, Poroshenko Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru Saakashvili-nin də iştirak etdiyi Polşa ilə sərhəddə baş verən hadisəni cinayət adlandırıb.
Sərhədin toxunulmazlığı milli təhlükəsizlik məsələsidir
Poroshenko bildirib ki, ölkə sərhədlərinin toxunulmazlığına dair konstitusion prinsiplər pozulub.
"Cinayət törədilib, çünki dövlət sərhədlərinin toxunulmazlığına dair konstitusion prinsiplər mövcuddur. Bu ölkənin milli təhlükəsizlik məsələsidir və mənim üçün bunun kim tərəfindən edildiyinin heç bir fərqi yoxdur, bunu şərqdə separatçılar edir, ya qərbdə siyasətçilər. Bu heç bir əhəmiyyət daşımır və bunun tam dəqiq və hüquqi məsuliyyəti olmalıdır", - deyə Ukrayna prezidenti vurğulayıb.
Biz məsələyə yalnız hüquqi müstəvidə qiymət vərəcəyik
Ukrayna-Polşa sərhədində "Shegin" buraxılış məntəqəsində Saakashvili-nin iştirakı ilə baş vermiş insident heç bir siyasi şərh və baxış tələb edə bilməz:
"Mənim fikrimcə, bu insident qətiyyən heç bir siyasi şərh tələb etmir. Biz bu məsələni yalnız və yalnız hüquqi müstəvidə şərh edirik və etməyə davam edəcəyik".
Bu cinayətdir və cəzası olacaq
"Mənim üçün sərhədin kim tərəfindən qanunsuz şəkildə pozulduğunun heç bir fərqi yoxdur. Bu cinayətdir və bu cinayəti törədən hər bir şəxs Ukrayna qanunvericiliyinə əsasən cəzalanacaq", - deyə Poroshenko vurğulayıb.
Xatırlatma
Polşadan Ukrayna ərazisinə keçmək istəyən Mikheil Saakashvili-nin içində olduğu qatar Ukrayna hakimiyyətinin tələbilə Polşa ərazisində saxlanıb.
Bir neçə saat gözlədikdən sonra, Saakashvili marşurutunu yenidən dəyişmək və sərhədi tərəfdarları ilə birlikdə avtobusla keçmək qərarına gəlib.
Avtobusla Polşanın Şeqin sərhəd məntəqəsinə çatan Saakashvili və onun tərəfdarlarını Ukrayna sərhədçiləri ölkə ərazisinə buraxmaqdan imtina edib.
Burada da bir müddət gözlədikdən sonra, sərhədçilərdən ibarət səddi yaran yüzlərlə tərəfdarı Saakashvili-ni Polşadan Ukrayna ərazisinə keçiriblər.
Bir müddət öncə Saakashvili sentyabrın 10-da Ukraynaya daxil olacağını bildirmişdi.
İyul ayında Ukrayna prezidenti Petro Poroshenko Mikheil Saakashvili-nin Ukrayna vətəndaşlığından məhrum edildiyini bəyan edib.