Bolqarıstan Baş Prokurorluğu Azərbaycan hakimiyyəti ilə bağlı "pulyuyan maşın" jurnalist araşdırmasında adı keçən UNESCO prezidentinin əri Kalin Mitrev haqqında araşdırma başladıb.
Abzas.net xəbər verir ki, bu barədə Bolqarıstan prokurorluğunun saytında məlumat verilib.
"Baş prokurorluq Kalin Mitrev-in də adının hallandığı Azərbaycan şirkətlərinin qanunsuz ödəmələri barədə mediada yayılmış məqalələrlə bağlı araşdırma başladıb", - deyə məlumatda bildirilir.
Xatırlatma
Azərbaycan hakimiyyətinin çirkli pulları yuması barədə "The Guardian" nəşrində çıxan "pulyuyan maşın" adlı araşdırmada qeyd olunur ki, "Polux şirkəti 2013-cü ilin oktyabrın 25-də Kalin Mitrev-ə 27 min dollar köçürüb.
Həmçinin, Mitrev-ə 2012-2014-cü illər arası üst-üstə 576 min dollar köçürülüb. Həmin vaxt Mitrev iş adamı idi, indi isə Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvlərindən biridir.
Kalin Mitrev UNESCO-nun baş direktoru İrina Bokova-nın əridir. Mitrev-ə pul rəhbərlik xidmətlərinə görə verilib. Mitrev deyir ki, ona pulu nəyə görə verdiklərini bilmirdi.