Bir qrup ictimaiyyət nümayəndəsi M.Əliyevlə bağlı prezidentə müraciət edib

Bir qrup ictimaiyyət nümayəndəsi M.Əliyevlə bağlı prezidentə müraciət edib
6 Sentyabr 2017
Mətni dəyiş

Bir qrup ictimaiyyət nümayəndəsi "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Abzas.net xəbər verir ki, müraciətdə prezidentdən Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyi xahiş olunur.

Müraciətin tam mətnini təqdim edirik:

"Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, Sizdən artıq dərəcədə xahiş edirik ki, "Turan" İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz.

Bu şəxsin ölkə mətbuatının inkışafında böyük xidmətləri vardır, o, nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

"Turan" agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamışdır. Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz "Turan" agentliyi çatdırmışdı. Həmin faciə haqqında çəkilmiş "Sonsuz dəhlız" fılmində "Turan"ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilmişdir. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı soyqırımı barədə məlumatlandırılmışdır.

Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Cənab Prezident,

Biz cəmiyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyındən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahiş edirik".

Müraciətə Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imza atıblar.

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun