Bu gündən Bako Sahakyanın tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti" vəzifəsində ən azı daha üç il müddətinə fəaliyyəti başlayır.
Cümə axşamı tanınmamış "DQR parlamentinin fövqəladə iclasında" onun inauqurasiya mərasimi keçirilib.
Sahakyan əlini 17-ci əsrin incili və "DQR Konstitusiyasına" qoyub, "DQR-in suverenliyi və ərazi bütövlüyünü" qoruyub saxlamağa and içib.
"Artsax Respublikasının prezidenti vəzifəsini qəbul edərək, Konstitusiyanın tələblərini şəksiz yerinə yetirməyə, insan və vətəndaş haqları və azadlıqlarına hörmət etməyə, Artsax Respublikasının şərəfi və Artsax xalqının firavanlığı naminə Respublikanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyini təmin etməyə and içirəm", - Bako Sahakyan andiçmə mətnini oxuyub.
Bako Sahakyanın vəzifədə ikinci, son və müddəti başa çatdıqdan sonra onun yenidən vəzifəsində qalmasına bu ilin əvvəlində keçirilən "konstitusiya referendumu" nəticəsində, "tam prezident idarəçilik sisteminin" tətbiq edilməsiimkan verir.
Yeni "konstitusiya" üzrə, "prezident" ümumxalq seçkilər vasitəsilə deyil, parlament üzvlərinin səsverməsi nəticəsində seçilir.
Yeni "konstitusiya" Bako Sahakyana keçid mərhələsi adlandırılan üç ildən sonra yenidən namizədliyini prezident seçkilərində irəli sürməyə imkan verir.
"Konstitusiyaya" əsasən, "DQR Hökuməti" istefa verməli, yaxın 20 gün müddətində Bako Sahakyan yeni "hökumət kabinetini" tərtib etməli və ona özü də rəhbərlik etməlidir. Baş nazir vəzifəsi ləğv olunur, yeni dövlət naziri vəzifəsi təsis edilir.
Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi "növbəti təxribat" kimi qiymətləndirib. Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, "qanunsuz parlament tərəfindən saxta prezident seçkisinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir."
1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.