Bakıda '26 Bakı komissarı' küçəsinin adı dəyişdirildi

Bakıda '26 Bakı komissarı' küçəsinin adı dəyişdirildi
25 Sentyabr 2017
Mətni dəyiş

Bakının Sabunçu rayonundakı "26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. Bu barədə Report xəbər yayıb. 

Məlumata görə, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən rəsmi açıqlama almaq mümkün olmayıb. İcra hakimiyyətindən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti cavablandıra bilər.

BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə məsələdən xəbərsiz olduğunu bildirib, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin "26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə son dövrlər etirazlara səbəb oldu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

Bundan əvvəl isə Azərbaycan Yazıçılar Birliyinin binasında fəaliyyət göstərən "26" adlı kafe nümayişkaranə şəkildə, icra başçısı Hacıbala Abutalıbovun və general Səhlab Bağırovun iştirakı ilə bağlandı. Sahibləri isə həbs olundu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun