Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirli azadlığa buraxıldı

Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirli azadlığa buraxıldı
15 Sentyabr 2017
Mətni dəyiş

Bu gün, sentyabrın 15-i AXCP sədri Əli Kərimlinin köməkçisi, Azadlıq Qəzetinin yayım direktoru məhkəmə zalından azadlığa buraxıldı. 

Abzas.net xəbər verir ki, proses Apellyasiya Məhkəməsində hakim Mursaqulov Vaqif tərəfindən baxılırdı. Məhkəmə Faiq Əmirli ilə bağlı CM-nin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Eyni zamanda, ona 3 il sınaq müddəti təyin olunub.

Bir gün öncə keçirilən prosesə Faiq Əmirlini məhkəməyə gətirməmişdilər. Daha öncə yayılan xəbərlərdə isə onun yoğun bağırsağında şiş əmələ gəldiyi bidirilirdi.

Faiq Əmirli həbsdən buraxılsa da, qərar onu və vəkilləri qane etmir. Onlar bəraət istəyir, bu səbəbdən Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Xatırlatma

Faiq Əmirli barəsində iyulun 24-də Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçən məhkəmədə 3 il 3 ay müddətində azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Əlavə olaraq ona qarşı Vergilər Departamentinin mülki iddiası təmin edilib və məhkəmə 39 min manat cəriməni onun tərəfindən ödənilməsinə qərar verib.

F.Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir. Sonradan bu ittiham götürüldü.

F.Əmirli isə ittihamların saxta və onun həbsinin siyasi motivli olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun