Məhəmməd Talıblı
Azad iqtisadi zonaların yaradılmasının ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir iş olduğunu nəzərə alsaq, həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşması tam olaraq baş vermir.
Azad iqtisadi zonaların yaradılmasında maneələr nədir və azad iqtisadi zonaların yaradılmaması hansı mənfi təsirlərə malikdir?
İqtisadçının fikirləri mövzuya fərqli rakurslardan baxmaq imkanı yaratdı: “Uzun illərdir ki, bu mövzu müzakirə predmetidir. Lakin razıyam ki, real məzmunlu addımlar atılmır və təsirli tədbirlər görülmür. Halbuki azad iqtisadi zonaların yaradılması hər şeydən əvvəl ölkəyə xarici investorları qazandıracaq.
Daxili investorların sərbəst vəsaitlərinin, o cümləədn xaricə mühacir kapitalının axmasını tormozlayacaq. Bu iki istiqamətli investor potensialı hərəkətə gətirilmir. Bu isə Ümumi Daxili Məhsulun (ÜDM) genişlənməsi, işsizlik, yoxsulluq kimi problemlərin həllinə yardımçı olar.
Anti-inhisar tədbirləri
Bu inhisarçılığın kökün kəsməyəcək, lakin daxili rəqabətə rəvac verəcək. Eyni zamanda ölkələrin ixrac imkanlarını genişləndirmək gücünü yarada bilər. Dünyada belə nümunələr az deyil. 1978-ci ildə, yəni iqtisadi islahatların başlanğıcında Çində milli gəlirin 98%-I dövlət sektoru tərəfindən formalaşırdı.
Sonrakı 15 il ərzində dövlət sektorunun milli gəlirin formalaşmasında payı 2 dəfədən çox azalaraq 40%-ə düşmüşdü. Yerdə qalan 60 faizlik payla özəl sektorun güclü inkişafı Çinin ixracını sürətlə irəli apardı. Məhz azad iqtisadi zonaların yaradılmasından sonra Çin öz mallarının ixracına görə, dünyanın 10 ən aparıcı ticarət dövlətləri sırasına daxil olmasına nail olmuşdur.
Qonşu dövlətlərin nümunəsi
Gürcüstanda yaradılan xüsusi azad sənaye zonasının hesabına neft və neft məhsullarını nəzərə almaqsaq, ixracat imkanlarına görə Azərbaycanı təxminən 2 dəfə qabaqlayır. Maraqlıdır ki, xüsusi azad sənaye zonasını nın idarəçiliyini xarici təşkilat həyata keçirir.
Cəlbedici şərtlərə o da daxildir ki, zonaya gətirilən bütün istehsal məqsədli mallar bütün vergilərdən azad olunubdur. Yəni, demək istəyirəm ki, ölkənin məhdud ərazi hissəsində güzəştli şərtlərlə fəaliyyət göstərən iqtisadi azadlıqların coğrafiyasını genişləndirmək ölkədə iqtisadi dinamizmə nail olmaq mümkündür.
Xüsusilə biznes inkibatorları, sənaye zonaları, texnoparklar, xüsusi iqtisadi zonaların sayını artırmaqla xarici investorlarla səmərəli əməkdaşlıq əlaqələrini intensivləşdirmək olar ki, bu da qeyri-neft sektorunun inkişafı üçün əlahiddə rol oynaya bilər. Bu imkanların itirilməsi investisiyaların bizim coğrafiyadan uzaqlaşması deməkdir. Onları isə qurulacaq effektiv mexanimzlər vasitəsilə qazanmaq olar. Onu yarada bilməmək həmin potensial investisiyanı itirməyə bərabərdir. Halbuki azad iqtisadi zonaların yaradılması ölkənin ixracat imkanlarını artıra bilər.
Qeyri-neft sektorunun geriləməsiXüsusilə qeyri-neft ixracatının 5%-lik limitinin artmasına təkan verəcək. İldən-ilə qeyri-neft ixracatının da aşağı düşməsi bizi düşünməyə məcbur edir. Son iki ildə qeyri-neft ixracatımız 1,6 milyard dollardan 1,1 milyarda qədər düşüb. Bu faktın özü əsas verir ki, qeyri-neft sektorunun inkişafını təşviq edən təsirli addımlar ataq ki, milli istehsal artsın.
Azad iqtisadi zonaların yaranması eyni zamanda milli təhlükəsiziliyin tərkib hissəsi olan iqtisadi təhlükəsizlik problemini həll edə bilər. Xüsusilə də strateji və gündəlik istehlak məhsullarında idxal asılılığını azaldar. Qeyd etdiklərim baxımından azad iqtisadi zonaların yaradılması çoxvektorlu problemlərin həllində açar rolunu oynaya bilər.
Yazı müəllifin fikirlərini əks etdirir və Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.