Azərbaycanda mülkiyyət əleyhinə, o cümlədən gömrük və vergidən yayınma ilə bağlı cinayətləri törədən şəxs zərəri ödədiyi halda cinayət məsuliyyətinə cəlb edilməyəcək.
Abzas.net xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) yeni 73-1 (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2 (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmə) maddələrinin əlavə edilməsi təklif olunur. Ziyanı tamamilə ödədikdə...
Yeni 73-1 maddəsinə görə, məcəllənin 178.1 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama), 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 187 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) və 189-1.1 (Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.
Hazırda isə bu əməllərə görə, müvafiq olaraq cərimələr və müxtəlif müddətə islah işlərindən tutmuş 2 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Külli miqdarda ziyan vursa...
Təklif olunan maddəyə görə, yuxarıdakı əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödədikdə, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.
Hazırda buna görə də müxtəlif cərimələrdən tutmuş müvafiq olaraq 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Yuxarıdakı əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda ziyan vurmaqla törədildikdə isə şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödədikdən və cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlətə ödəniş etdikdən sonra cinayət məsuliyyətindən azad edilir. Gömrük ödənişlərindən yayınma...
Yeni 73-2 maddəsinə görə isə, məcəllənin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) və 213-cu (Vergi ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Hazırda buna görə müvafiq olaraq müəyyən cərimələrdən tutmuş 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.