Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb. Bu barədə Azərbaycan XİN-nin mətbuat xidməti bildirib.
Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Əndrü Sxofer və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də görüş iştirak edib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparıldı. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirildi.
Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olundu.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirdi.
Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğuladı.
Həmsədrlərin bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bəyanat yayıb.
Bəyanatın əvvəlində bu görüşdə iştirak edən tərəflər haqda bilgi verilir.
“Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinə çalışmaq olub”, sənəddə qeyd edilir.
Həmsədrlər ümid edir ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələləri üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər.
Həmsədrlər danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək,prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat verməkdan ötrüATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüb.
ATƏT Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədir.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.
Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib
Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.