Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.
2,5 milyard avronun (2,8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.
Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.
Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.
Bu araşdırama ölkənin kleptokrat hakim zümrəsinin milyardlarla dollar pulu necə hərəkət etdirdiyini göstərir.
Başqa şeylərlə yanaşı bu puldan həqiqətin susdurulmnası üçün də istifadə edilib. Sözü gedən zaman kəsiyində 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara atılıb.
Bu da bəlli olub ki, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb.
Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər.
13 min pul tranşını əks etdirən sənədlərdən məlum olur ki, Azərbaycanın pulyuyan maşının özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.
Məlum fərdlər, naməlum şirkətlər…
[caption id="attachment_14661" align="aligncenter" width="1024"] Yaqub Eyyubov[/caption]Bundan başqa məlum olub ki, Avropanın iri maliyyə təsisatlarından Danske Bank həyəcan siqnalı verməli olduğu halda pul köçürmələrinə göz yumub.
Bu bankın Estoniya filialı sözü gedən Azərbaycan paltaryuyan maşının dörd şirkətinə əməliyyat xidməti göstərərək milyardların onun hesablarından keçməsinə şərait yaradıb.
Əsas pul köçürmələri yenə də Britaniyada qeydiyyatdan keçmiş balıqqulağı şirkətlərinə edilib, Bundan başqa böyük məbləğlərdə pullar Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə köçürülüb.
[caption id="attachment_45529" align="aligncenter" width="1000"] Əli Nağıyev[/caption]Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir.
Təhqiqatın hesabatında iddia edilir ki, pulları almalı olan şəxslərin arasında hökumət postları tutan tanınmış azərbaycanlılar da var. Bunlardan biri də Azərbaycan baş nazirinin birinci müavini, ölkənin ən qüdrətli siyasətçilərindən biri olan Yaqub Eyyubovdur.
Araşdırma nəticələrində habelə Azərbaycanda korrupsiya ilə mübarizə etməli olan Əli Nağıyevin də adı çəkilir.
“Məlum olur ki, o və ailəsi də pulların yuyulması sistemindən istifadə ediblər” – deyilir araşdırmada.
[caption id="attachment_45530" align="aligncenter" width="1300"] Cavanşir Feyziyev[/caption]Daha 130 milyon dolların böyük əczaçılıq şirkəti olan AvroMed-ə getdiyi bildirilir. Bu şirkətin həmtəsisçisi Azərbaycan parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan millət vəkili Cavanşir Feyziyevdir.
Bəs bu pullar hardan gəlir?
Danimarkanın Berlinske qəzetinə sızan bank sənədləri Azərbaycanın hakim elitasının bunda əli olmasına əsas verir.
Bəzi pullar birbaşa Azərbaycan hökumətindən gəlib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi 9 milyon dollar köçürüblər.
29 milyon dolları Rusiyanın silah şirkəti Rosoboronoeksport göndərib.
Pulun yarısı siə Beynəlxalq Bankda müəmmalı şirkətin hesabından gəlib. Baktelekom MMC-nin adı mobil telefon nəhəngi Baktelecomun adına oxşayır. Ancaq eyni şirkət deyil. Həmin bu Baktelekom şirkəti 1 milyard 400 milyon dollar köçürüb. 2-ci və 3-cü yerlərdə 2 ofşor şirkət - Faberlex LP və Jetfield Networks Ltd-dir. Bu şirkətlərin Azərbaycanın hakim rejimi ilə birbaşa əlaqələri var. Bu şirkətlərin həmçinin italiyalı deputata rüşvət verilməsi ilə bağlı işdə də adları çəkilir. Bu barədə az sonra.
Hesabatda deyilir ki, real şirkətlər də pul köçürüb. Bunların çoxu Azərbaycanda böyük layihələrin iştirakçısıdır. Pano ASC tikinti şirkətidir və Azərbaycan hökuməti və Heydər Əliyev fondu ilə birlikdə iş görür. Pano 3,2 milyon dollar köçürüb. Ancaq hesabatda o da vurğulanır ki, bu şirkətlər verdikləri pulun pulyuma maşınına getdiyini bilə də bilərdilər, bilməyə də.
Gələn pulların qalan yarısı əsasən Britaniyada proksi direktorlar və səhmdarlartərəfindən yaradılan ofşor şirkətlərdən gəlib.Bu şirkətlər yüz milyonlarla dollar veriblər. Ancaq onların bəziləri pul da çıxarıb.
Bu şirkətlərin həqiqi sahiblərinin kimliyi naməlumdur. Azərbaycanın pulyuyan maşınına pul qoyan və ya götürən şirkətlərin 33-ü Rusiyanın pulyuyan maşını haqda OCCRP-nin hesabatında da yer alıb. Həmin hesabata görə, Rusiyanın 20 milyard dolları Rusiya, Moldova, Latviya ərazilərində kütləvi əməliyyatlarla ofşora köçürülüb.
Baktelekom bu pulu qazanmayıb
Azərbaycanın pulyuyan maşını haqda hesabatda isə deyilir ki, Baktelekomun köçürdüyü pulları hardan aldığı məlum deyil. Bunlar hökumətdən, Mərkəzi Bankdan və ya Beynəlxalq Bankdan alınan borclardır? – bilinmir.
O aydındır ki, şirkət bu pulu qazanmayıb.
Baktelekomun Azərbaycanın hakim elitasına bağlı olmasını deməyə əsaslar var. Şirkəti Rasim Əsədov yaradıb. O, Azərbaycanın müstəqillik dövründə ilk Daxili İşlər Nazirinin oğludur. OCCRP bundan əvvəlki hesabatlarda onun rejimlə əlaqələrini sənədləşdirib.
Onun biznes tərəfdaşı birinci ledi Mehriban Əliyevanın yaxın qohumudur. Onun qardaşı Səbail rayonunun prokurorudur.
Burda deyilənlərləbağlı OCCRP Əsədovla əlaqə yaratmaq istəyib, ancaq buna nail olmayıb.
Cahangir Hacıyevin xəbəri olmayıb?
[caption id="attachment_5510" align="aligncenter" width="800"] Cahangir Hacıyev[/caption]Hazırda 13 illik həbs cəzasını çəkən Beynəlxalq Bankın keşmiş rəhbəri Cahangir Hacıyev vəkili vasitəsiləOCCRP-yə deyib ki, onun Əsədovun və ya Baktelekomun pul köçürməsi haqda məlumatı olmayıb.
Ancaq Baktelekomun Beynəlxalq Bankdakı hesablarından tez-tez və çoxlu pul köçürmələrini nəzərə alanda buna inanmaq çətindir.
Şirkət 2013 və 2014-cü illərdə Pulyuyan Maşına 530 dəfə pul köçürüb. Hər gün pul köçürülürmüş , bəzən elə gün olub ki, 3 dəfə pul köçürülüb. Bir dəfəyə ən az pul köçürmə 138 min dollar olub. Ən böyük köçürmə isə 6 milyon dollar idi. Ümumilikdə 1,4 milyard dollar köçürülüb.
Adi sürücü
[caption id="attachment_45531" align="aligncenter" width="1000"] Məhərrəm Əhmədovun evi[/caption]İkinci ən çox pul köçürən Faberlex LP-dir. Bu Britaniya şirkəti 169 milyon dollar göndərib. Azərbaycan lehinə lobbiçilik edən İtaliyalı deputat Luca Volontenin işini araşdıran italiyalı prokurorların aşkar etdiyi faktlara görə, Faberlex-in sahibi 51 yaşlı Azərbaycan vətəndaşı Məhərrəm Əhmədovdur. Azərbaycn Pulyuyan Maşının əsasında duran daha iki şirkət də onun adınadır. Bunlar Hilux Services və Polux Management LP-dir.
Bütün problem ondadır ki, bu şirkətlərin sahibi Məhərrəm Əhmədov milyarder və ya milyonçu deyil. O, maliyyəçi və iş adamı da deyil. O, Bakıda sıravi sürücüdür. O, Bakı yaxınlığında quşçuluq fabriki ərazisindəki evində yaşayır.
[caption id="attachment_45532" align="aligncenter" width="700"] Məhərrəm Əhmədovun şirkətinin sənədləri[/caption] Bu şirkətləri Şotlandiyanın Qlazqo şəhərində qeydiyyatdan keçirən, banklarda hesab açan, hesablarından 1,7 milyard dollar pul keçən Əhmədov etiraf edib ki, şirkətlərə direktor kimi cəlb olunduğunu bilir, ancaq onun adı ilə aparılan maliyyə əməliyyatlarından xəbəri yoxdur. O deyir ki, Bakıda bankda sürücü işləyir. Elə həmin bankdakılar onu direktor qoyublar. Sənədləri də bank hazırlayır. O biri iki şirkətdə eyni mənzərə Azərbaycan Pulyuyan Maşınını işlədən digər əsas şirkətlər - LCM Alliance LLP və Metastar İnvest LLP- də də eyni əhvalatı danışırlar.LCM Alliance LLP-nin bank sənədlərinə görə Emil Əliyev direktordur, bank sənədində imzası olan şəxs isə Zəminə Zamanovadır.
OCCRP Emil Əliyevin kimliyini hələlik müəyyənləşdirə bilməyib, Bakıda SR Group Co.-da ictimaiyyətlə əlaqələr üzrə menecer olan Zəminə Zamanova isə bank sənədlərində imzanın onun adına olmasını eşidəndə çox təəccüblənib. Hərçənd onun Linkedin səhifəsi Zamanovanın Kapital Bankda ( bu banka Azərbaycan prezidenti İlham Əliyevin ailəsi sahibdir) 2011-2014-cü illərdə direktor köməkçisi olduğunu göstərir, Zamanova deyir ki, bu, onun rəsmi işi olmayıb:
“Mən sənədləşmə işinə yalnız kömək edirdim: bunu gətir, onu götür, kağızı doldur, bunu yaz”.
Metastar-ın offisi isə Azadlıq prospektindəki ünvanında hələ də işləyir.
Sənədlərə görə şirkətin direktoru və sahibi Elvin Şirinovdur. Ancaq işçilər deyirlər ki, o, yalnız kağızda bossdur. Əvvəllər şirkətlə hesablaşmalar aparmış iş adamı deyir ki, Şirinov Metastarın adi işçisidir.
Jurnalist özünü OCCRP-nin reportyoru kimi təqdim edəndə isə Şirinov şirkətlə hər hansı əlaqəsi olmasını dandı.
OCCRP-nin reportyoru informasiya almaq üçün rəsmi müraciəti təqdim etməyə gələndə isə şirkət işçiləri ofisin qapılarını bağladılar.