Qanun nəşriyyatında Emili Brontenin yeni romanı çap edilib. Müəllif və əsər haqqında bəzi fikirləri təqdim edirik.
Emili Ceyn Bronte (Emily Jane Brontë) 1818-ci ildə İngiltərənin Yorkşir qraflığının Tornton kəndində anadan olub. Altı övladın (beş bacı, bir qardaş) beşincisi, sonradan ailəlikcə şair-yazıçı kimi tanınan məşhur Bronte bacılarının (Şarlotta, Emili və Enn) ortancılıdır.
1820-ci ildə yaxınlıqdakı Hoert kəndinə köçürlər. İxtisasca pedaqoq olan və yazıçılığa meyil edən ataları Patrik Bronte burada ruhani-moizəçi işləməyə başlayır (ömrünün sonuna kimi), uşaqlar da ilk ədəbi biliklərə elə burada yiyələnirlər. 1821-ci ildə anaları Mariya Brounellin vəfatından sonra böyük bacılar Mariya, Elizabet və Şarlotta Kovan-Bric Qızlar Məktəbinə göndərilirlər (burada üzləşdikləri yamanlıqları və məhrumiyyətləri Şarlotta Bronte sonradan özünün məşhur “Ceyn Eyr” romanında qələmə alır).
13 yaşından başlayan yaradıcılıq1824-cü ildə altıyaşlı Emili də onlara qoşulur. Cəmi bir ildən sonra isə məktəbə qarın yatalağı epidemiyası yayıldığından qızlar evə dönməli olurlar. Xəstəliyə yoluxan Mariya və Elizabet elə həmin il vəfat edirlər. Sağ qalan üç bacı isə qardaşları Patrik ilə birlikdə təhsillərini atalarının və xalalarının fərdi dərsləri hesabına davam etdirirlər, eləcə də o dövrün müasir və klassik ingilis ədiblərinin əsərlərini oxuyub bədii yaradıcılığa meyillənirlər.
Emili on üç yaşından etibarən gizlincə əfsanəvi şeirlər yazmağa başlayır. On yeddi yaşı tamam olanda təhsilini davam etdirməkdən ötrü Rouhed Qızlar Gimnaziyasına yollanır, lakin doğma ev-ailə üçün qəribsədiyindən, çox keçmədən geri qayıdır. İyirmi yaşında Halifaks Hüquq Məktəbində tərbiyəçi-müəllimə kimi işə düzəlir, eyni zamanda fransız və alman dillərini, habelə fortepianoda çalmağı öyrənir.
Bacıların psevdonimlə birgə çıxardığı kitab1842-ci ildə böyük bacısı Şarlotta ilə birlikdə Belçikaya gedərək Brüssel Ali Pansionatında təhsil alır. Fransızca esselərini də məhz bu dövrdə yazır. Qızların dil, ədəbiyyat və musiqi duyumu pansionat rəhbərini elə valeh edir ki, onlara qalıb burada işləməyi təklif edir. Lakin xalalarının vəfatı və ortaya çıxan ailə-məişət qayğıları bacıları geri dönməyə vadar edir və Emili qısa ömrünün sonuna kimi evlərini bir daha tərk etmir.
1844-cü ildə o vaxtadək yazdığı və gizli saxladığı şeirləri səliqə ilə iki qeyd dəftərçəsinə köçürür. Ədəbi qeydlər təsadüfən Şarlottanın əlinə keçir və o, şeirlərin üzə çıxarılıb çap olunmasına israr edir. Emili bunu şəxsi həyatına müdaxilə kimi qiymətləndirərək, qətiyyətlə imtina edir; amma kiçik bacısı Enn də gizlində şeir yazdığını etiraf edəndən və müvafiq qeydlərini açıb göstərəndən sonra razılaşır. Beləcə, 1846-cı ildə üç bacının müştərək şeirlər kitabı çapdan çıxır – amma öz adları ilə deyil, hansı cinsə mənsub olduğu belə bilinməyən psevdonimlərlə: Şarlotta “Karrer Bell”, Emili “Ellis Bell”, Enn “Ekton Bell” təxəllüsü ilə çıxış edir.
Müəllifin yeganə kitabı tənqidçiləri heyrətləndiribEmili Brontenin “Tufanlı Yoxuşlar” (Wuthering Heights) adlı yeganə romanı da 1947-ci ildə eyni təxəllüslə çap edilir. Lakin sağlığında o qədər də diqqəti cəlb etmir və birmənalı qarşılanmır. Britaniya tarixçisi və ədəbi tənqidçisi, Viktorian dövrünün tədqiqatçısı Cülyetta Qardinerin təbirincə desək, “Canlı şəkildə qələmə alınmış cinsi ehtiraslar, əsərin dilinin və obrazlarının gücü-qüdrəti rəyçiləri heyrətləndirib, çaşbaş salıb və dəhşətə gətirib... Bunca çılğınlığın və amansızlığın şiddətindən dolayı əksəriyyət müəllifin kişi olduğunu zənn edib”.
Əslində isə Ellis Bell – Emili Bronte təbiətən qapalı, adamayovuşmaz və utancaq bir qadın olub. Yazar bacılarından fərqli olaraq, heç kimlə dostluq etməyib, öz doğmalarından savayı, demək olar ki, heç kəsə ürək qızdırmayıb və bir kimsəni qəlbən sevməyib.
“Onun bir insan kimi istiqanlı cəhətləri, bir qayda olaraq, yalnız təbiətə, heyvanlara və quşlara sevgisində təzahür edir” (Norma Grandal, “Emili Brontenin psixoloji portreti”). “Emili nəhayətsiz çöllüklərin, azman süpürgəliklərin məftunu olub, vəhşi-yabanı nə varsa onu, tamamilə azad məxluqları, varlıqları sevib və bu sevgi “Tufanlı Yoxuşlar”da özünü aşkar-qabarıq büruzə verib” (“Literary news” dərgisi, 1883).
Otuz yaşında, qalmaqallı romanının çapından bir il sonra...“Tufanlı Yoxuşlar”ın və “Ellis Bell”in şəxsiyyətinin ədəbi tənqidçilər arasında yaratdığı çaşqınlığa və fikir ayrılıqlarına Şarlotta Bronte son qoyur. Belə ki, 1848-ci ilin sentyabrında, yeganə qardaşının dəfn mərasimində Emili bərk soyuqdəyməyə tutulur və tezliklə onda vərəm əlamətləri peyda olur, həkimdən, eləcə də hər hansı dava-dərmandan imtina edir və həmin ilin dekabrında – otuz yaşında, qalmaqallı romanının çapından bir il sonra – divanda əyləşdiyi yerdə keçinir.
Şarlottanın yazdığına görə, Emili son dövrlər elə arıqlayıbmış ki, cəsədi vur-tut 16 düymlük (təxminən 40 santimetr enində) tabuta gen-bol sığışıb: “Dülgər dedi ki, ömründə ilk dəfədir ki, böyüklər üçün belə dar tabut düzəldir”... Və Emilinin il mərasimini yola verəndən sonra – 1950-ci ildə Şarlotta Bronte “Tufanlı Yoxuşlar”ı xüsusi ön sözlə və gerçək imza ilə təkrar çap etdirir. Bu dəfə əsər elliklə əsl şedevr kimi qəbul edilir və çox keçmədən bestsellerə çevrilir.
200 ən möhtəşəm kitab siyahısındaRomanın ilk nəşrinin günümüzə gəlib çatan nadir nüsxələrindən biri 2007-ci ildə London hərracında 235 min dollara satılır. BBC-nin 2003-cü ildə bir milyondan çox oxucu arasında keçirdiyi “The Big Read” sorğusunda “Tufanlı Yoxuşlar” 200 ən möhtəşəm kitab siyahısında on ikinci yerə çıxır. Böyük Britaniyanın UKTV-Drama telekanalının rəy sorğusuna görə isə “Tufanlı Yoxuşlar” – “Bütün dövrlərin ən romantik əsəri” seçilir.
“The Guardian” qəzetində dərc edilmiş reytinq cədvəlində Emili Brontenin “Tufanlı Yoxuşlar”ı “İyirmi ədəbi inci” arasında hətta Uilyam Şekspirin “Romeo və Cülyetta”sını, Ceyn Ostinin “Qürur və Qərəz”ini, Lev Tolstoyun “Hərb və Sülh”ünü, eləcə də Şarlotta Brontenin “Ceyn Eyr”ini geridə qoyaraq, şəksiz birincilik qazanır...