Azər Qasımlı: "ABŞ və Avropa sanksiya qərarı verəndə BP-dən soruşmayacaq"

Azər Qasımlı: "ABŞ və Avropa sanksiya qərarı verəndə BP-dən soruşmayacaq"
21 Sentyabr 2017
Mətni dəyiş

Son günlərin əsas müzakirə olunan məsələlərindən biri də Avropa Şurası rəsmilərinin Azərbaycanın qurumdan çıxarıla biləcəyini dilə gətirməsi oldu. Bu məsələ Avropa Məhkəməsinin qərarına baxmayaraq İlqar Məmmədovun azadlığa buraxılmaması ilə bağlı idi.

Həmçinin, gündəmin əsas hadisələri sırasında Azəri-Çıraq-Günəşli yatağı ilə bağlı yeni neft müqaviləsinin imzalanması, "Azərbaycanın pulyuyan maşını" kimi bir sıra vacib məsələlər də var idi.

Bu və digər məsələlərlə bağlı Abzas.net olaraq Respublikaçı Alternativ Təşkilatının Təşkilat Komitəsinin üzvü, siyasi məsələlər üzrə katib Azər Qasımlıdan geniş müsahibə aldıq. Müsahibəni təqdim edirik.

 - Azər bəy, ReAL Hərəkatının İdarə Heyyətindən ayrılmağınızla bağlı “facebook” səhifənizdə status yazdınız. Qeyd etdiniz ki, bundan sonra fəaliyyətinizi Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsində davam etdirəcəksiniz. Müəyyən dərəcədə bu da sual yaratdı. İstərdik bununla bağlı danışasınız. Niyə ReAL İdarə Heyətindən ayrıldınız və bu qərarınız müzakirə olunmuşdumu öncədən?

 - Bu qərar müzakirə olunmamışdı. Bu mənim şəxsi qərarımdı. Əslində bu qərarı çoxdan vermək niyyətində idim. Bu günə təsadüf etdi. Qərarın da ictimailəşdirilməsinin səbəbi - ReAL-ın partiyalaşmada artıq finişə çatdığının elanıdır. Bir sözlə narahatçılığa əasas yoxdur.

 - Partiya quruculuğu ilə bağlı işlər nə yerdədir?

 - Partiya quruculuğu ilə bağlı işlər bitmiş hesab oluna bilər. Yaxın zamanlarda qurultayımızın günü ilə bağlı məlumat yayacağıq. Hazırda bütün enerjimizi bu yönə sərf etmişik. Əlimizdən gələni edirik ki, işlərimiz daha sürətli və keyfiyyətli olsun.

 - İlqar Məmmədov ReAL-ın partiyalaşması ilə bağlı işlərdə nə dərəcədə məlumatlıdır?

 - İlqar Məmmədov bütün işlərdən xəbərdardır, tapşırıqlarını da verir, icrasını da təftiş edir.

 - Avropa Şurası Baş katibinin ReAl sədri İlqar Məmmədovun azadlığa buraxılmadığı üçün sanksiya çağırışına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavab olaraq bildirdi ki, bu dünyanın axırı demək deyil.

 - Təbii ki, Səməd Seyidov başqa bir cavab verəsi deyildi. Amma Avropa Şurası ilə vəziyyət belədir ki, Avropa Şurasının siyasi imkanları məhduddur. Avropa Şurası indiki məqamda Azərbaycan nümayəndə heyətinin mandatını dondura bilər. İkinci addım olaraq Azərbaycanı Avropa Şurasından çıxarda bilər. Yəni birbaşa yalnız bunları edə bilər. Dolayısı təsirə gəlincə AŞ-nın qərarı Avropa ölkələrinin siyasətçiləri üçün bir siqnal və mənəvi oriyentir ola bilər və olacaq da. Lakin hər Avropa ölkəsi digər Avropa ölkələri ilə məsləhətləşsə də öz xarici siyasətini istədiyi kimi qurur. Azərbaycanla bağlı Avropa Birliyi birgə qərar verməlidir ki, bunun ciddi siyasi effekti olsun. Avropa Birliyinin  əlində isə çox böyük rıçaqlar var. Bu çərçivədə AŞ-nın baş katibi Yaqlandın "The Guardian" qəzetinə verdiyi müsahibədə diqqətimi çəkən bir məqam oldu. Yaqland belə bir cümlə işlədib: "Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsi Avropa Birliyinin tərkib strukturuna daxil olmasalar da, hər iki qurumun eyni vaxtda təşəbbüs göstərməsi Azərbaycanda artmaqda olan siyasi repressiya və korrupsiyanın Avropa təsisatlarının gündəliyinə gəldiyini nümayiş etdirir."

Yaqlandın dediyi bu cümlə çox önəmlidir və demək istədiyi də odur ki, AŞ-nın verdiyi qərar AB üçün də önəmli olacaq!

Hər bir halda Azərbaycan bundan uduzacaq. Birincisi, ölkənin imici məsələsi var. İkincisi, Azərbaycan avrointeqrasiyadan tamamilə kənarda qalacaq. Üçüncüsü, Avropa Birliyi ilə münasibətlərini də körlayacaq. Bunun da təbii ki, həm iqtisadi, həm siyasi, həm mədəni və digər əlaqələrimizə mənfi təsiri olacaq. Ümuməm Qərb dünyası ilə münasibətlər dalana dirənəcək. Avropa Şurası belə bir addım atacaqsa bu artıq o deməkdir ki, Avropanın ən böyük siyasi təşkilatlarından birisi Əliyev iqtidarına öz yerini göstərmiş olacaq. Onun üzərinə “qeyri-demokratik, insan hüquq və azadlıqlarına hörmət etməyən bir iqtidar” möhürü vurulacaq. Bundan sonra daha ciddi sanksiyalar gözləniləndir. Amerikada və ya digər dövlətlərdə bizimlə bağlı heç kimin illuziyası artıq olmayacaq. Kimsə durub deyəndə ki, Azərbaycanda diktaturadır, hakimiyyətin lobbiçiləri artıq nəsə edə bilməyəcək. Sonuc olaraq uduzan həm Əliyev hakimiyyəti, həm bütövlükdə ölkəmiz olacaq.

Bir sözlə bu payız siyasi baxımdan maraqlı olacaq. Həm Avropada, həm ABŞ-da bizi müzakirə edəcəklər. Yaxın 2 ilin siyasi-iqtisadi prosesləri bu müzakirələrdən, verilən qərarlardan və hakimiyyətin davranışından asılı olacaq. Biz də öz növbəmizdə bu proseslərə hazır olmalıyıq.

 - Azər bəy, bu yaxınlarda dünya mediasının əsas gündəm mövzularından biri də Azərbaycan hakimiyyətinin ofşor hesablara köçürdüyü 3 milyard dollar mövzusu oldu. Yazıda qeyd olunurdu ki, Azərbyacan hakimiyyəti özlərini qorumaq üçün xarici siyasətçilərə, diplomatlara külli miqdarda pul və ya bahalı hədiyyələr veriblər. Azərbaycan hakimiyyəti hansı səbəbdən bu böyüklükdə pulu öz imicini qorumaq üçün xərcləməsinin səbəb nədir?

 - Səbəb odur ki, bir tərəfdən həyata keçirdikləri repressiyaları, insan hüquq və azadlıqlarının pozuntusunu, seçki saxtakarlıqlarını ört-basdır etmək üçün xaricdə ələ aldıqları satqın siyasətçi və media nümayəndələri vasitəsilə ölkəmiz haqqıda yalan məlumatlar yaymaq məcburiyyətindədilər. Digər tərəfdən də bu acizlikdir. Yenə də bütün bu repressiyalara, qeyri qanuni hərəkətlərə baxmayaraq ölkəmizi Türkmənistana çevirə bilmədilər. Çevirə bilsəydilər xaricdə pul xərcləməyə də ehtiyacları olmazdı. Bu pulları yenə də özlərinə, ailələrinə xərcləyərdilər.

Gördükləri iş nəticəsində ölkəmizin imici bərbad vəziyyətə düşdü. İp də getdi, it də... Əlavə olaraq ermənilərin də əlinə ölkəmizə qarşı kompromat kimi yaxşı silah verdilər.

 - Azər bəy, bütün bunların fonunda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalandı. Hətta Böyük Birtaniyanın baş naziri Tereza Mey təbrik məktubu göndərmişdi. Sanki belə bir nəticə çıxır ki, nələrin deyilməsindən, yazılmasından asılı olmayaraq neft kontrakları öz qaydasında gedir. Hakimiyyət də istədiyi kimi müqavilələr imzalayır.

 - Gəlin biz burda müəyyən şeyləri aydınlaşdıraq. Birincisi, BP yalnız Britaniyanın şirkəti deyil. Bu Transmilli Korporasiyadır. Təbii ki, Britaniya hökuməti BP-yə dəstək verir, onun maraqlarını qorumaq üçün çalışır. Yəni, onun fəaliyyəti, gəlir əldə etməsi Britaniya hökuməti üçün önəmlidir. Digər tərəfdən də bu şirkətin Britaniya siyasətçilərinə də təsiri var. Amma bütün bunlar o demək deyil ki, Britaniya hökuməti Azərbaycana yalnız BP eynəyi ilə baxır.

İmzalanmış bu sazişlə bağlı Azərbaycan hökumətinin gözləntisi və istəyi odur ki, 2050-ci ilə qədər xaricdən dəstək ala bilsin. Amma məsələ burasındadır ki, Avropa Şurası Azərbaycanla bağlı qərar qəbul etsə, Avropa Birliyi Azərbaycanla münasibətləri soyuqlaşdırsa, hər hansı sanksiya məsələsi gündəmə gəlsə və yaxud ABŞ bunu etmək istəsə, BP-nin fikrini soruşan olmayacaq və BP-nin burada Azərbaycan hakimiyyəti ilə imzaladığı 2050-ci ilə qədər olan sazişə baxmayacaqlar.

İmzalanan sazişlə bağlı ümumiyyətlə onu deyim ki, sabah ReAL hakimiyyətə gəlsə, Azərbaycan dövlətinin imzaladığı sazişlərə əməl edəcək. Bu sazişləri dəyişmək, onları yenidən nəzərdən keçirmək kimi düşüncədə olmayacaq. Yəni Azərbaycan Respublikasının üzərinə götürdüyü bütün öhtəlikləri yerinə yetirəcək. Biz dünyadakı vəziyyəti, beynəlxalq hüququn nələri diktə etdiyini yaxşı bilirik. Bir daha altını çizərək qeyd etmək istərdim ki, insanlarımız düşünməsin ki, 2050-ci ilə kimi saziş imzalayıblar və bununla öz iqtidarlarını 2050-yə kimi Avropa Birliyi, ABŞ-la razılaşdırıblar. Sabah ölkədə vəziyyət dəyişsə BP fəaliyyətini yenə davam edəcək. Vəziyyətin dəyişməsi isə ilk növbədə bizdən asılıdır. Bu gün dünya konyekturasında Azərbaycanla bağlı vəziyyət dəyişib. Və Azərbaycan iqtidarı elə bir duruma gəlib ki, bundan o tərəfi artıq qırmızı cizgidir. Qırmızı cizgidən o tərəfə Qərb Azərbaycanı itirə bilər. Mən əminəm ki, Avropa Birliyi və ABŞ bunu gözəl bilirlər.

 - Azər bəy, qeyd edirsiniz ki, ölkədə vəziyyət bıçağın sümüyə dirəndiyi kimidir. Burda müxalifətin hansısa bir birliyindən, ümumi görüşlərdən söhbət gedə bilərmi? Müxalifət ümumi bir addım atması kimi? Yoxsa ölkədə yeni mərhələnin başlaması üçün ancaq Qərbdən ümid gözlənilir.

 - Mən hər zaman qeyd etmişəm ki, Qərbdən nəsə gözləmək, Qərbi tənqid etmək əbəsdir. Çünki Qərb və digər ölkələr ilk növbədə görməlidilər ki, sənin xalqın ayaqdadır, sənin təşkilatların effektivdir. Bunu onlar görməlidilər. Bu ilk növbədə bizdən asılı olan məsələdir. Buna görə mən Qərbi tənqid etməyi effektiv və rassional siyasət hesab etmirəm. Məsələnin ikinci tərəfi, biz birləşə bilərikmi? Bu gün hansısa bir birlik ab-havası yoxdur. Amma irəlidə hər şey ola bilər. Mən indiki şəraitdə nəyin tərəfdarıyam? Düşünürəm ki, biz aramızda danışıqlar aparaq. Söhbətləşək. Bu kontaklardan qaçmayaq. Bu mütləq olmalıdır. Çünki sabah ölkədə anidən hansısa dəyişikliklər baş verdiyində, biz aciz durumda qalmayaq. Burada haşiyə çıxaraq demək istəyirəm, bizim bu gün görəcəyim əsas iş - ReAL-ın təşkilatlanmasıdır. Bu gün əsas fəaliyyətimiz məhz bu yöndə olmalıdır. Fikir mübadiləsi isə dediyim kimi mütləq olmalıdır. Biz bilməliyik ki, sabah nəsə baş versə biz bir yerdə hansı addımları ata bilərik.

 - Burada bir haşiyə çıxmaq istəyirəm. Azər bəy, tez-tez ölkədə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə görüşlər keçirirsiniz. Bu görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunurmu heç?

 - Xarici siyasətlə bağlı müzakirələr olur. O konkteksdə Dağlıq Qarabağla bağlı  söhbətlərimiz olub. Amma nədənsə xaricilər bu mövzuya o qədər də maraq göstərmirlər. Bu sezilir. Amma daha əvvəl bu mövzular daha çox müzakirə olunurdu. Son bir ildə mənim görüşdüyüm diplomatlarla Qarabağ mövzusu əsas müzakirə predmeti olmayıb. Bunun səbəbləri də var. İlk növbədə budur ki, ölkə daxilində o qədər porblem var ki, o qədər insanların siyasi və qeyri siyasi hüquqları pozulur ki, demokratiya ilə bağlı problemlər var ki, daha çox onlar müzakirə olunur. Digər tərəfdən də Qarabağ danışıqları ölü nöqtədədir. Yəni proses olmadığından danışılası mövzu da yoxdur.

Bununla yanaşı biz xarici diplomatlarla danışanda deyirik ki, baxın biz nə gileylənməyə, nə də problemlərimizi danışmağa gəlirik. Qarabağ, demokratiya, Azərbaycanın xarici siyasəti mövzuları daim müzakirə olunmalıdır. Hətta Suriyada gedən proseslər belə müzakirə olunmalıdır. Çünki bu günki müxalifət sabahın iqtidarı olacaq.

 - Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin balansında olan bir obyektin icarəyə verilməsi ilə bağlı qalmaqal yaşandı. Qalmaqala səbəb isə kafenin adının "26" olması, bunun 26 Bakı Komissarı ilə bağlı olduğu deyildi. Həqiqətənmi Bakı Şəhər İcra Hakimiyyəti bu cür sərt davranmasına səbəb onların milli hisslərə olan hörmətidi? Yoxsa burda da başqa maraqlar var.

 - Yazıçılar Birliyi SSRİ-dən əmanət qalan, hakimiyyətin bu illər ərzində bəslədiyi və təbliğatı üçün istifadə etdiyi bir qurumdur. Təbii ki, bir şeylər baş verib ki, hakimiyyət onlarla belə davranır. Baş verən də odur ki, Yazıçılar Birliyi Turan Agentiyinin rəhbəri Mehman Əliyevin həbsdən azad olunmasını prezidentdən xahiş edib. Bu davranışda hansısa qrupların maraqlarının toqquşduğu səbəbini axtarmayın. Çünki bu qaranlıq otaqda qara pişiyin axtarılması kimidir. Özü də qara pişiyin olmadığı halda!

Dövlətin himayəsində olan, restoran biznesi ilə məşğul olan birliyin bu vəziyyətə düşməsi isə əslində heç kimdə təəcüb doğurmamalıdır. Ölkədə daha ciddi hadisələr baş verəndə bu adamlar susub. İnsanları qanunsuz olaraq həbs edəndə də susub, seçkilər saxtalaşdırılanda da susub, korrupsiya faktları aşkar olunanda da susub... Hər zaman dedikləri də o olub ki, yazıçılar, yəni ziyalılar bitərəf olmalıdır, siyasətə qarışmamalıdır... və ən əsası mütləq dövlətin himayəsində olmalıdır. Mövcud siyasi sistemdə bu sahədə heç vaxt rəqabət olmayıb və ola da bilməzdi. Məsələn bir neçə yazıçılar və ya rəssamlar təşkilatları ola bilməz. Siyasətdə və iqtisadiyyatda olan inhisarçılıq bu sahəyə də xasdır.

Mən "ziyalı" sözünün bizə təlqin etdirilən mayasını qəbul etmirəm. Çünki köhnədi, yanlışdı və sovet sisteminin mahiyyətini əks etdirir. SSRİ-də ilk mərhələdə fəhlə sinfinin siyasi-iqtisadi monopoliyasını elan etdilər. Məntiqi olaraq dövlətin ideoloji maşını da digər siniflərə və ya peşələrə aid olan insanları sistemin düşməni elan etmək məcburiyyətində idi. Sonra anladılar ki, sistemin təbliğatını həyata keçirən yazıçılar, rəssamlar, bəstəkarlar da olmalıdır. Bax belə, bu təbəqəyə aid olan insanları "ziyalı" adlandırmağa başladılar. Lakin ziyalı olmaq üçün mütləq dövlətin himayəsində olmalıydın. Dövlətin himayəsində olmaq yeganə ideoloji xəttə qulluq etmək anlamına gəlirdi. Bu gün də eyni siyasəti davam etdirirlər. Sadəcə fərq ondadır ki, indiki hakimiyyətin ideologiyası yoxdur, yalnız bir əbədi məqsədi var - hakimiyyətdə qalmaq və ölkə sərvətlərini oğurlamaq. Yazıçıların bir kitab yazıb onu bestseller etmək əvəzinə kafe icarəyə verirdikləri bir sistemin aqibəti yaxşı olmayacaq.

 - Hakimiyyət daxilində müəyyən bir gərginliyin olduğu sezilir. Mətbuatda da bu özünü göstərir. Bu gərginliyin fonunda ReAL-a hansısa bir təklif gəlibmi ki, oturaq bir müzakirə aparağın?

 - Bizə indiyə kimi heç bir təklif gəlməyib. Amma irəlidə nəyin olacağını da deyə bilmərəm. Amma təklifin olması bir halda mümkündür ki, ölkədə vəziyyət köklü şəkildə dəyişsin, hakimiyyət ölkədəki vəziyyətə nəzarəti itirməyə başlasın. Bu halda ya bizə və ya başqa hər hansı müxalif təşkilata müzakirə üçün müraciət edə bilərlər. Belə bir vəziyyətin olmadığı şəraitdə bu iqtidardan heç kimə heç bir təklif gəlməyəcək. İkincisi, islahatlar gözləntiləri ilə bağlı demək istəyirəm. Müəyyən insanlar var ki, hələ də hakimiyyətin islahat keçirə biləcəyini düşünürlər. Ölkədə vəziyyət dəyişməyənə qədər, bu hakimiyyət heç bir islahata getməyəcək. Amma ölkədə vəziyyət köklü sürətdə dəyişdiyi zaman iqtisadi, sosial, təhsil və bu kimi qeyri siyasi sahələrdə islahatlar mümkün olmayacaq, çünki altdan gələn tələblər başqa olacaq. Bu tələblər birbaşa siyasi müstəvidə olacaq və siyasi islahatları ehtiva edəcək. Bu zaman da hakimiyyət azad və ədalətli seçkilər keçirməli, ana yasan islahatlarına getmək məcburiyyətində qalacaq.

 - Gələk digər məsələyə, hakimiyyət daxili qruplaşma məsələsinə. Hakimiyyət daxilində qruplaşma varmı?

 - Çoxları deyirlər ki, hakimiyyətin içində qruplaşma yoxdur. Digər tərəfdən qruplaşmanın olduğunu və vəziyyətin acınacaqlı olduğunu sübut etməyə çalışanlar var. Mən hər iki fikri səhv hesab edirəm. Həqiqət hər zaman olduğu kimi ortadadır. Siyasətin öz qanunları, öz qanunauyğunluqları var. Elə bir təşkilat, birlik, partiya, hakimiyyət yoxdur ki, orada qruplaşma olmasın. Qruplaşma məsələsi siyasətin mayasıdır. Bunsuz siyasət olmur. Sadəcə o qruplaşma hansı səviyyədədir, yəni aradakı konflikt hansı müstəvidədir, o konfilik həmin birliyi, toplumu aqoniya vəziyyətinə gətiribmi bu başqa məsələdir. Bu qruplaşma sadəcə mülkiyyət əsasında formalaşıb, yoxsa ideoloji əsasda qurulub bu da başqa mövzudur. Və yaxud da deyəlim ki, hansısa ideoloji-strateji problem yoxdur hər iki qrup arasında, amma nəyi necə etmək məsələsində, yəni taktiki addımlarda fikir ayrılıqları var. Hətta belə kiçik məsələlər qruplaşmaya gətirib çıxara bilər. Ümumiyyətlə, siyasətin, demokratiyanın mayasında fərqli fikirlilik var. Fərqli fikirlilik də sonuc etibarilə qruplaşmaya gətirir. Sözümün canı odur ki, hakimiyyət daxilində qruplaşma var. Sadəcə Azərbaycan hakimiyyətinin indiki konfiqurasiyasını bədəni bir olan ikibaşlı əjdahaya oxşadardım. Gördüyümüz də odur ki, qruplardan biri əjdahanın hər iki başını, digəri isə yalnız bir başı qəbul edir.

 - Azər bəy, 2015-ci ildə də hakimiyyət bir xeyli beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxsləri həbsdən buraxmaqla, Qərbdən alqış qazandı. Aradan bir az keçmiş yenidən həbs dalğası başladı. Necə düşünürsünüz, bu sanksiyaların gündəmdə olduğu bir vaxtda onsuz da həbs müddətlərinə az qalmış şəxslərin azadlığa buraxılması ilə, hakimiyyət bu sanksiya söhbətini unutdura bilməzmi?

 - Burada söhbət alverdən getmir. Hakimiyyət bu gün eyni addımı ata bilər. Amerika və Avropadan da alqışlar gələr buna görə. Amma bu nə deməkdir? ReAl-ın sədri İlqar Məmmədovun 2013-cü ildəki həbsindən başlayan həbs dalğasından 4 ildən artıq zaman keçib. Bu o demədkir ki, bu hakimiyyət bizim, Azərbaycanın həyatından 5 ilini oğurlamış oldu. Bu gün hətta siyasi məhbusların böyük əksəriyyəti azadlığa buraxılsa biz sadəcə 4-5 il bundan öncəki sıfır vəziyyətinə qayıtmış olacağıq. Orada isə bizi yenə qeyri-azad seçkilər, yenə də həbs olunma təhlükəsi, qeyri müstəqil məhkəmələr, polis dövləti  gözləyir. Bunların ki, heç biri dəyişmir. Demək siyasi məhbusların azadlığa buraxılması özü özlüyündə çıxış yolu deyil və alver predmeti ola bilməz. Ona görə həm Qərb, həm biz bilməliyik ki, bu məsələdə geriyə addım olmamalıdır. Sən siyasi məhbusu həbsdən azad etdin, lap yaxşı, amma sən bunun yanında və hatta bundan da əvvəl bizə azad seçki və müstəgil məhkəmələr verməlisən. Buna nail olmaq lazımdır.

 - Hansı yolla?

 - Seçki yolu ilə. Lakin onu da bilməliyik ki, Azərbaycan xalqı seçkisiz də öz iradəsini ortaya qoya bilər. Azərbaycan xalqının ayağa qalxıb sözünü deməsi üçün nə bizə, nə başqa birilərinə ehtiyyacı var. O qalxanda, qalxacaq. Heç kimdən də soruşmayacaq. Yeri gəlmişkən məsələn Tunisdə xalq ayağa qalxanda müxalifətin hər hansı rolu var idimi?  Xalq Qubada, İsmayıllıda, Binədə ayağa qalxanda müxalifət vardı?

 - Yəni siz ölkədə vəziyyətin bu həddə olduğunu görürsünüz?

 - Əlbəttə. Ölkədə vəziyyət çox acınacaqlıdır. Bu vəziyyəti də biz deyil, hakimiyyət yaradıb. Öz ədalətsiz siyasəti, qəddarlığı ilə. Amma konkret müxalifətə gəldikdə isə, biz ReAL təşkilatı olaraq seçki ilə hakimiyyətə gəlmək istəyirik. Amma siz düşünməyin ki, mən bu iqtidar dövründə azad və demokratik seçkilərin keçirilməsinə inanıram. Mənim düşüncəm odur ki, biz insanları seçkidə iştira etməyə inandırmalıyıq. Seçicilərin 70 faizi seçkiyə gəlsə, onun da məsələn 60 faizi bizə səs versə və bizim səslərimiz oğurlansa, biz bu xalqa və bu seçicilərə liderlik edəcəyik.

 - Azər bəy, qarşıdan 2018-ci il prezident seçkiləri gəlir. ReAL olaraq sədriniz İlqar Məmmədov azadlığa buraxılmasa, prezident seçkilərində iştirak edəcəksinizmi? Edəcəksinizsə kimlə getməyi düşünürsünüz?

 - Bizim ilk növbədə gözləntimiz odur ki, İlqar Məmmədov çox yaxın zamanda azadlığa çıxacaq. Bu realdır və mümkündür. Çünki İlqar Məmmədovla bağlı Avropa İnsan Haqqları Məhkəməsinin ikinci qərarı olacaq. Bu qərarla da Azərbaycan məhkəmələrinin İlqar Məmmədovun işi ilə bağlı verdikləri qərarlar ədalətsiz elan ediləcək. Bizim gözləntimiz odur ki, bu qərarlardan öncə İlqar Məmmədov və digər siyasi məhbuslar azadlığa çıxacaq. Düzdür, İlqar Məmmədovu azadlığa buraxıb, onun məhbusluğunu saxlaya bilərlər. Belə olan təqdirdə biz onun seçkilərdə iştirak etməsi üçün məhbusluğunun üzərindən götürülməsi uğrunda mübarizə aparacağıq.

Proses indi başlayır. Bizi hələ irəlidə yeni devalvasiyalar, iqtisadi böhranın daha da dərinləşməsi və sosial vəziyyətin ağırlaşması gözləyir. Bunların da siyasi həyata təsiri qaçınılmazdı. Biz İlqar Məmmədovun prezident seçkilərində iştirak etməsi üçün sona kimi mübarizə aparacağıq.

 - Azər bəy, ölkədən çıxışınıza qoyulan qadağa  hələ də qüvvədədir. Amma vəkil Cavad Cavadov yazmışdı ki, tezliklə sizin də ölkədən çıxışınıza qoyulan qadağa aradan götürüləcək. Nə baş verdi?

 - Mən bilmirəm açığı Cavad Cavadov bunu niyə yazdı. Amma bildiyim odur ki, Cavad Cavadov mənim vəkilim deyil. Mənim vəkilim olmadığına görə bunu yazması səhv idi, doğru deyildi. Çünki olmayan bir şeyi yazmış oldu. Mənim ölkədən çıxışıma qoyulan qadağa konkret olaraq siyasi fəaliyyətimlə bağlıdır. Mənim bununla bağlı hər hansı illuziyam isə yoxdur. Bu siyasi qərardır. Bu qərarı da verən Azərbyacanın siyasi iqtidarıdır.

Yeri gəlmişkən Saakaşvilinin pasportsuz Ukrayna ərazisinə daxil oldu. Milyonlarla insan da bunu canlı izlədi. Saakaşvili Ukraynada nə kimi dəyişikliklər edə bilər? Ümumiyyətlə, bu hadisənin regiona nə kimi təsiri ola bilər?

 - Vaxt gələcək Mixail Saakaşvillinin gördüyü iş politologiya kitablarına daxil ediləcək. Məsələ sadəcə onun qətiyyətli və inadkar olmasında deyil. Məsələ daha dərindir. Əgər o, Ukraynanın prezidenti ola bilsə, bu siyasi tarixdə yeni bir fenomen olacaq. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, əcnəbinin indiki informativ cəmiyyətdə yerli əhalidən səs alması bildiyimiz siyasi PR və siyasi texnologiyaları alt üst edəcək. İkinci səbəb isə ondan ibarətdir ki, o, yeni və müasir "Çeqevaralıq" məktəbini qurmuş olacaq - korrupsiyalaşmış rejimlərə qarşı silah-güc işlətmədən mübarizə aparıb qalib gəlmək. Adını da şərti olaraq İnternasional Demokratik Çeqevaralıq qoya bilərik.

Dediklərimdən sonra Saakaşvillini bizimlə müqayisə etməyin. O, bu günlərdə Ukraynada etdiyini bizdə heç vaxt edə bilməz. Azərbaycan sərhədini heç vaxt bu şəkildə keçə bilməz. Ondan da əvvəl ona heç vaxt hansısa rayonun adi icra başçısı vəzifəsini də verən olmaz. Çünki bizdə və Ukraynada vəziyyət fərqlidir. Bizdə artıq tam avtoritar rejim formalaşıb. Ukraynada isə sərhədi keçən kimi Lvovun Meri şəxsən onu qarşılayır. Bizdə belə şey mümkündür sizcə? Bir sözlə Çeqevaralığın Azərbaycanda şansı sıfıra Əliyevlərin qurduğu sistem gec-tez dağılacaq. Özü dağılmayacaq təbii ki. Hal cərəyan edən həm daxili, həm xarici proseslər nəticəsində olacaq bu iş. Sadəcə o ana qədər ayaqda qalmaq, dediyim kimi təşkilatlanmaq və güclənmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun