Sentyabrın 29-u Ali Məhkəmədə Mehman Hüseynov barəsində çıxarılmış hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Abzas.net xəbər verir ki, Ali Məhkəmə Mehman Hüseynovu həbsdə saxlayıb. Bloqqerin şikayəti qismən təmin edilib və işi Apellyasiya Məhkəməsinə qaytarılıb.
Bu barədə Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, müdafiə tərəfi qərarla razı deyil:
"Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi. İşi yenidən apellyasiya baxışına qaytardı. Kasasiya şikayəti qismən təmin edildi. Biz bu qərarla razı deyilik, çünki bizim tələbimiz ondan ibarət idi ki, Ali Məhkəmə bəraətverici əsaslarnan xitam versin. Ancaq belə bir qərarın qəbul olunması, faktiki olaraq Mehman Hüseynovun həbsdə saxlanma müddətini artırdı."
Vəkilin sözlərinə görə, Ali Məhkəmənin bu qərarı onların həm də Mehmanın məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi ilə bağlı ərizə vermələrinin qarşısını aldı:
"Eyni zamanda 3 oktyabrda Mehman Hüseynovun üçdə biri tamam olurdu və biz düşünürdük ki, Ali Məhkəmə fərqli qərar versə, Mehmanın məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsi ilə bağlı ərizə verək. Ali Məhkəmənin işi Appelyasiya Məhkəməsinə qaytarması səbəbindən biz bu imkandan da məhrum olduq."
Elçin Sadıqov bildirib ki, adətən Ali Məhkəmənin Apellyasiya Məhkəməsinə qaytardığı işlərə 1 ay, və ya 40 gün müddətində baxılır.
Xatırlatma
Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bu il martın 3-də həbs olunub.
Musa Musayev şikayətində bildirib ki, M.Hüseynov, yanvarın 9-da başına torba keçirilib oğurlandığını və daha sonra idarədə işgəncələrə məruz qaldığını deyərkən böhtan atıb. Polis rəisi bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət edib, bloqqerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi.
Suraxanı Rayon Məhkəməsi Musa Musayevin iddiası əsasında M.Hüseynovun iki il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.
Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin verdiyi hökmü qüvvədə saxlayıb.
M.Hüseynov ittihamın əsassız olduğunu və həbsinin siyasi sifarişlə baş tutduğunu bildirir.
Bloqqerin sözlərinə görə, ona işgəncə verilməsi barədə dediklərinin hamısı tam həqiqətdir. Ondan şikayətçi olan Musa Musayevin adını isə heç yerdə çəkməyib və ümumiyyətlə, bu adamı tanımır.
Bundan öncə, Mehman Hüseynov 9 yanvar tarixində axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilərək sərbəst buraxılmışdı.
Mehman Hüseynov azadlığa çıxdıqdan sonra işgəncə ilə bağlı sözügedən açıqlamanı vermişdi.