Görkəmli rus yazıçısı Aleksandr Soljenitsının “QULAQ arxipelaqı” əsərinin I cildi (birinci və ikinci hissələr) Azərbaycan dilində ilk dəfə işıq üzü görüb. Əsəri Qanun nəşriyyatı çap edib.
A.Soljenitsının totalitar sosialist rejimində xalqın faciəsini əks etdirən “Qulaq arxipelaqı” əsərinin 1-ci cildi ilk dəfə 1973-cü ildə Fransada işıq üzü görüb.
1974-cü ildə Soljenitsına qarşı sovet mətbuatında aparılan kampaniyanın həddi-hüdudu yox idi. Soljenitsın həbs edilmişdi, “vətənə xəyanət”də günahlandırılırdı, sovet vətəndaşlığından məhrum edilmiş və məhkəmə qərarı olmadan ölkədən çıxarılmışdı.
Yazıçı 1973-cü ildə əsəri barədə yazırdı: "Ürəyimdə utancaqlıq hissi, illərlə bu hazır kitabı çap etdirməkdən özümü saxlayırdım: sağ qalanlar önündəki borcum ölüb getmişlər önündəki borcumu hələ üstələyirdi. İndisə dövlət təhlükəsizliyi bu kitabı ələ keçirdiyindən mənə artıq onu təcili çap etdirməkdən başqa yol qalmayıb".