ABŞ konqresmenlərinin Azərbaycan hakimiyyətinə sanksiyalar təklifinin tam mətni

ABŞ konqresmenlərinin Azərbaycan hakimiyyətinə sanksiyalar təklifinin tam mətni
28 Sentyabr 2017
Mətni dəyiş

Konqresmenlər Chris Smith və Jim McGovern ABŞ Konqresinin Xarici İşlər Komitəsinə növbəti qətnaməni təqdim ediblər. 

Qətnamə Azərbaycanda insan haqları və demokratiya ilə bağlıdır. Qanun layihəsinin əsas tələblərindən biri ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılmasıdır. Layihənin tam mətnini təqdim edirik:

Azərbaycan Respublikasında qanunun aliliyinin möhkəmləndirilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın təmin edilməsi yolu ilə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti məqsədləri naminə.

Azərbaycan Respublikasının Birləşmiş Ştatların tərəfdaşı və terrorçuluğa qarşı mübarizədə, Əfqanıstanda birgə əməliyyatların dəstəklənməsində müttəfiqi olduğunu, Avropanın enerji təhlükəsizliyinə və digər transmilli təhlükələrin həllinə yardım etdiyini nəzərə alaraq;

Millətlər arasında ədalətli, dinc və çiçəklənən münasibətlərin əsası kimi hamı tərəfindən qəbul edilmiş insan hüquqlarına və qanunun aliliyinə hörmətin təşviqinin Birləşmiş Ştatların milli təhlükəsizliyi maraqları daxilində olduğunu nəzərə alaraq;

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan və Helsinki Yekun Aktını imzalayan Birləşmiş Ştatlar və Azərbaycan Respublikasının insan hüquqlarının və əsas azadlıqlarının universal əhəmiyyətini, onlara hörmətin həm bir-birləri ilə, həm də bütün dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının təmin edilməsində zəruri olan sülh, ədalət və rifah üçün mühüm amil olduğunu qəbul etdiyini nəzərə alaraq;

ATƏT-in üzvü olan dövlət kimi Azərbaycan hökumətinin azad və ədalətli seçkilər standartı üzərində işləmək öhdəliyi götürdüyünü, amma 1992-ci ildə Helsinki Yekun Aktının imzalandığı gündən indiyə qədər Azərbaycanda heç bir seçkilərin ATƏT-in müəyyən etdiyi minimum tələblərə cavab vermədiyini nəzərə alaraq;

ABŞ Dövlət Departamentinin 2006-cı il üçün insan hüquqları üzrə dövlət hesabatında Azərbaycan üçün insan hüquqları üzrə “hakimiyyətin qorxutma, şübhəli ittihamlarla həbs və seçilmiş fəallara, dünyəvi və dini müxalifət nümayəndələrinə qarşı amansız rəftarla ifadə, toplaşmaq və birləşmək azadlığını məhdudlaşdırdığının” müəyyən olunmasını nəzərə alaraq;

ABŞ Dövlət Departameninin 2006-cı il üçün insan hüquqları üzrə dövlət hesabatında Azərbaycan üçün “hakimiyyətin fəalları saxlayıb, siyasi motivli həbs cəzalarına məhkum etdiyinin, lazımi qaydada məhkəmə təhqiqatı olmayan məhkəmə prosesləri apardığının və fəalları məhkəməöncəsi uzunmüddətli həbs cəzalarına məruz qoyduğunun və bunun cəzasız qaldığının” müəyyən olunmasını nəzərə alaraq;

2017-ci ilin avqustunda Azərbaycanın qeyri-hökumət hüquq- müdafiə təşkilatları koalisiyası Azərbaycanda 158 siyasi məhbusu qeydə aldığı bir halda;

Müxalifət lideri və prezidentliyə keçmiş namizəd İlqar Məmmədovun 2013-cü ilin fevralından həbs olunduğu və Avropa İnsan Hüquqları Məhkəməsinin onu azad etməyə çağıran qərarına və ona qarşı irəli sürülmüş ittihamların “onu susdurmaq və ya hökumətin tənqidinə görə cəzalandırmaq” cəhdi kimi qiymətləndirməsinə baxmayaraq, hələ də həbsdə qaldığı və 7 illik həbs cəzası çəkdiyi bir halda;

Səhih məlumatlar Azərbaycan hakimiyyətinin 2016-cı ilin mayında ictimai abidənin üzərində qraffiti yazdıqdan, sonradan saxta narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra narkotik maddə ilə bağlı ciddi cinayətləri etiraf etmək tələbi ilə iki gənc fəala işgəncə etdiyinə, onları alçaltdığına və təhdid etdiyinə dəlalət etdiyi bir halda;

Azərbaycan hökumətinin 2017-ci ilin martından “Meydan” TV, “Azadlıq” qəzeti, “Turan” TV və ABŞ tərəfindən maliyyələşdirilən “Azad Avropa / Azadlıq Radiosu” (RFE/RL) xidmətinin saytlarını blokladığını, faktiki olaraq ölkədə qalan yeganə müstəqil xəbər mənbəyini sıxışdırdığını və son illər hakimiyyətin onunla əməkdaşlıq etməyənləri təqib etdiyini nəzərə alaraq;

RFE/RL-in Bakı bürosunun 2014-cü ildən hökumətin sifarişi ilə bağlı qaldığını, RFE/RL müxbiri Xədicə İsmayılovanın isə 2016-cı ildə həbsdən azad edildikdən sonra əvvəlki kimi ölkədən çıxma qadağalarına məruz qaldığını nəzərə alaraq;

Azərbaycanlı müstəqil jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə (Gürcüstan) oğurlandıqdan, döyüldükdən sonra iradəsinə zidd olaraq Azərbaycana göndərildiyi, Azərbaycan hakimiyyəti tərəfindən sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunduğu və 1 sentyabr 2017-ci il tarixinə olan məlumata görə, həbsdə qaldığı və onun oğurlanmasına görə məsuliyyət daşıyan şəxslər isə cəzalandırılmadığı bir halda;

2017-ci ildə Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının (USCİRF) illik hesabatında 2016-cı ildə Azərbaycan hökumətinin “müstəqil dini fəaliyyətin sıxışdırılmasını gücləndirdiyinin, sünni məscidlərini bağladığının, dini kitab mağazalarına hücum etdiyinin, Yeqovo Şahidləri və bəzi protestant icmalarını təqib etdiyinin müəyyən olunduğu bir halda;

1 sentyabr 2017-ci ilə olan məlumata görə, 90-dan çox vicdan məhbusunun konstitusiyada zəmanət verilmiş dini və toplaşma azadlıqlarını həyata keçirdiklərinə görə həbsdə olduqlarını nəzərə alaraq;

Qlobal Maqnitski Aktının Birləşmiş Ştatlar hökumətinə “məhkəmədənkənar cəzalara, işgəncələrə və beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqlarının kobud şəkildə pozulmasına” və ya “əhəmiyyətli korrupsiya əməllərinə” görə məsuliyyət daşıyan xarici məmurlara viza verməkdən imtina etmək və onların aktivlərini dondurmaq səlahiyyəti verdiyini nəzərə alaraq; habelə,

1998-ci il tarixli “Dini etiqad azadlığı haqqında” beynəlxalq qanunun Birləşmiş Ştatlar hökumətinə “dini etiqad azadlığının xüsusilə amansız şəkildə pozulmasına görə”, o cümlədən “işgəncələrə və ya amansız, qeyri-insani və ya ləyaqəti alçaldan davranışa və ya cəzaya; insanların oğurlanma və ya gizli saxlanması yolu ilə yox olması nəticəsində ittiham irəli sürmədən uzun müddət həbsdə saxlamağa; və ya şəxslərin yaşamaq, azadlıq və ya təhlükəsizlik hüquqlarının təmin edilməsindən digər imtinalara görə” məsuliyyət daşıyan xarici rəsmi şəxslərə viza verməkdən imtina etmək səlahiyyəti verdiyini nəzərə alaraq

Nümayəndələr Palatası qərara alır:

1. Birləşmiş Ştatların strateji beynəlxalq təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində Azərbaycan hökuməti ilə tərəfdaşlığın əhəmiyyətini təsdiq edir;

2. Birləşmiş Ştatlar hökumətini diplomatik iştirakında və ikitərəfli yardım göstərərkən Azərbaycan hökumətinin hamı tərəfindən qəbul edilmiş insan hüquqlarını, əsas azadlıqlarını və qanunun aliliyini pozması faktlarına xüsusi diqqət yetirməyə çağırır;

3. Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını dərhal azad etməyə, onların sənədlərini bərpa etməyə, səfər qadağalarını götürməyə və siyasi fəaliyyətlə, müstəqil jurnalistika və digər fəaliyyət növləri ilə məşğul olan vətəndaşların təqibinə, qorxudulmasına və onlara qarşı amansız rəftara son qoymağa çağırır;

4. Birləşmiş Ştatları israrla Qlobal Maqnitski Qanununun müddəalarına uyğun olaraq beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin vəzifəli şəxslərinin aşkar olunması və onlara qarşı maliyyə məhdudiyyətlərinin tətbiq edilməsi üçün kəşfiyyat mənbələrindən, diplomatik mənbələrdən, açıq mənbələrdən, konqresdən və qeyri-hökumət təşkilatlarından gələn hesabatları diqqətlə təhlil etməyə çağırır;

5. Birləşmiş Ştatların hökumətini israrla 1998-ci il tarixli “Dini etiqad azadlığı haqqında” beynəlxalq qanuna uyğun olaraq dini etiqad azadığının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin vəzifəli şəxslərinin aşkar olunması və onlara qarşı səfər məhdudiyyətlərinin tətbiq edilməsi üçün kəşfiyyat mənbələrindən, diplomatik mənbələrdən, açıq mənbələrdən, konqresdən və qeyri-hökumət təşkilatlarından gələn hesabatları diqqətlə təhlil etməyə çağırır; habelə

6. Demokratik islahatlara nail olunması, Helsinki Yekun Aktında və digər beynəlxalq nizamnamələrdə əksini tapmış əsas azadlıqların həyata keçirilməsi üzrə dinc səylərə dəstəkdə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun