Sentyabrın 2-də Rusiyanın diplomatik heyəti iki gün ərzində missiya binalarının boşaldılmasına dair göstərişə əməl etdikdən sonra ABŞ-ın hakimiyyət orqanları bu binaları tam nəzarətə götürüb.
ABŞ Dövlət Departamentinin orderinə əsasən San Fransiskodakı Rusiya diplomatları konsulluq binasını yerli vaxtla gündüz saat 2-dək tərk etməli idilər. Rusiyanın diplomatik missiyası habelə Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinin binalarından çıxmalı olublar.
Moskva iddia edir ki, ABŞ rəsmiləri binalar boşaldılmazsa giriş qapılarını sındırcaqları ilə hədələmişdilər. Rusiya saytlarında yayılan məlumatlara görə hazırda binalar Federal Təhqiqatlar Bürosunun nəzarətindədir.
Dövlət Departamenti bu iddiaları rədd edib və bildirib ki, sözü gedən bütün 3 missiya binasından diplomatların çıxışı Rusiya heyəti ilə birlikdə icra olunub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi ki, Moskva binalara “kompromat əşyaların yerləşdiriləcəyindən” və Rusiyaya qarşı “təxribat” törədilə biləcəyindən narahatdır.
Rusiyanın ABŞ paytaxtındakı ticarət nümayəndəsi Aleksandr Stadnik TASS agentliyinə deyib ki, binaların boşaldıması prosesi başa çatdırılıb.
O Vaşinqtonu “vandalizmdə” və Rusiyanın xaricdəki daşınmaz əmlakına “qanunsuz basqında” ittiham edib.
Xəbər verilir ki, ABŞ təhlükəsizlik xidmətlərinin xəfiyyələri sözü gedən binaların içərisində və bayırında sərbəst hərəkət edirlər.
ABŞ hakimiyyət orqanları binalarda axtarış aparmaq planının olduğunu rəsmən təsdiq etməyiblər.
Belə bir niyyətin olduğunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova özünün Facebook səhifəsində yazmışdı.
Nazirlik sentyabrın 2-də, onun iddiasına görə FTB xəfiyyərlərinin konsulluqda axtarış keçirdiklərini göstərən videoları Facebook-da yayıb.
Bundan əvvəl Rusiya tərəfi diplomatlara və onların ailə üzvlərinə konsulluq binasından çıxmaq üçün cəmi 48 saat vaxt verilməsindən şikayət etmişdi.
Bu həftənin əvvəllərində Rusiya xarici işlər naziri Lavrov demişdi ki, Moskva ABŞ-ın demarşına “sərt, lakin ölçülü” cavab verəcək.