ABŞ-da kiber cinayət törətdiyinə görə 27 il müddətinə azadlıqdan məhrum edilən Rusiyanın Dövlət Dumasının deputatı Valeriy Seleznyov-un oğlu Roman Seleznyov daha iki epizod üzrə günahını etiraf edib.
Abzas.net xəbər verir ki, onun bir işi 2008-ci ildə pul köçürmələrini həyata keçirən "RBS Worldpay" şirkətinin sındırılması ilə bağlıdır. Corcia prokurorluğunun açıqlamasına görə, o, sındırılmış kreditlərin köməkliyi ilə 2 milyon dollara yaxın məbləği nəğdləşdirib.
Nevada ştatında Seleznyov-un ittiham olunduğu ikinci epizod isə, kredit kartlarının məlumatlarını oğurlayan "Carder.su" təşkilatı ilə bağlıdır. Onların fəaliyyəti nəticəsində dəyən zərərin miqdarı minimum 50 milyon dollar kimi müəyyənləşdirilib.
Roman Seleznyov, 2017-ci ilin aprelində Vaşinqton ştatında kredit kartlarının oğurlanıb satılmasında günahkar bilinərək 27 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ildə, ailəsiylə Maldivdə olarkən saxlanılıb.
Onun atası, Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyov oğlunun saxlanılmasını və ABŞ-a ekstradisiyasını oğurluq adlandırıb.