Bu günlərdə Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Müqavilənin şərtləri ilə bağlı cəmiyyət tam məlumatlandırılmayıb.
Müqavilədən əvvəl də Azərbaycan cəmiyyətində şərtlərlə bağlı heç bir müzakirə olunmadı. Cəmiyyətdə hələ də 2050-ci ilə qədər uzadılan neft müqaviləsi ilə bağlı suallar qalmaqdadır. Bu müqavilədən Azərbaycanın, vətəndaşların xeyri olacaqmı? Hökumətin müzakirəsiz, tələsik bu müqavilənin imzalanmasında nə marağı var idi?
Abzas.net olaraq bir neçə ekspertin, iqtisadçının, jurnalistin fikirlərini sizə təqdim edirik.
İqtisadçı ekspert Qubad İbadoğlu bu məsələ ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, ikinci kontraktda hasilatın xərcləri daha tutumlu olacaq və çox vaxt aparacaq, yəni həm hasilat xərclərini və həm də müddətini artıracaq.
Ekspert bildirir ki, hasilatın pay bölgüsü kontraktının şərtlərinə görə, şirkətlər hasilatdan əldə etdikləri gəlirləri ilk növbədə məsrəflərin örtülməsinə yönəldirlər. Artıq bu xərclər tam ödəniləndən sıfırıncı səviyyə çatandan sonra mənfəət neftinin Azərbaycan dövlətinin xeyrinə bölgüsü sxemi işə düşəcək.
Azərbaycanın payı 80 faizdən 75 faizə salınıb
"Birinci kontrakt üzrə sıfırıncı səviyyə 2008-ci ilin ilk rübündə qeydə alınmışdı. Ondan sonra isə rentabellik səviyyəsinə müvafiq olaraq mənfəət neftinin 55/45 faiz və çox keçmədən isə 70/30 faiz sxemi işə düşmüşdü. Amma Azərbaycana çatacaq mənfəət neft heç vaxt 80 faiz təşkil etməmişdi.
Çünki 1-ci kontraktda 80/20 faiz sxemi daşınma xərcləri 1 barrel üçün 3 dollardan az təşkil edəcəyi halda nəzərdə tutulurdu və Azərbaycan neftinin daşınma xərcləri həmişə 1 barel üçün 3 dollardan yuxarı olub".
'Mənfəət neftinə nə zaman çıxacağımız barədə məlumat yoxdur'
Q.İbadoğlu deyir ki, ikinci kontraktın detalları barədə məlumat olmadığından orda mənfəətin bölüşdürülməsi sxemi barədə danışmaq çətindir. Yeganə olaraq BP-nin verdiyi məlumata görə, yeni sxem ən yaxşı halda 75/25 faiz nisbətində olacaq. Amma biz həmin sxemlə mənfəət neftinə nə zaman çıxacağımız barədə məlumat yoxdur.
İqtisadçı Natiq Cəfərli isə 'Sputnik'-ə açıqlamasında bildirib ki, əslində hələ müqavilənin bütün şərtlərinin açıqlanmadığını nəzərə alsaq, tam dəyərləndirmə aparmaq biraz çətindir.
'Əvvəlki müqavilədən daha yaxşı şərtlərlə bağlanmış müqavilədir'
"Amma indiyə qədər açıqlanmış şərtlərə baxdıqda onu demək mümkündür ki, 1994-cü ildə imzalanmış müqavilədən Azərbaycan üçün daha yaxşı şərtlərlə bağlanmış müqavilədir. SOCAR-ın payının 11.5 faizdən 25 faizə qalxması, kifayət qədər böyük məbləğlərdə bonusların ödənilməsi, gələcəkdə 75/25 hasilatın pay bölgüsü bu keçən müqaviləyə nisbətən daha sərfəli şərtlərdir".
Ekspert deyir ki, əsas bir neçə hələ açıqlanmayıb. O bildirib ki, əvvəlki müqaviləyə görə səmt qazı Azərbaycana pulsuz verilirdi, bu Azərbaycan üçün vacib dəstək idi, yeni müqavilədə bunun qalıb-qalmadığını hələki öyrənmək mümkün olmayıb.
Azərbaycan 10 milyard dollar sərmayə qoymalı olacaq
"Ən azı Azərbaycanın payı yüksəlibsə, investisiya payı da yüksələcək. Yəni 40 milyardlıq bir layihə olduğu bildirilir, bu müqaviləyə görə, bunun 10 milyard dollarını Azərbaycan tərəfi ödəməli olacaq. 94-cü il müqaviləsindən daha yaxşı şərtlərlə imzalanmış müqavilədir".
Araşdırmaçı jurnalist Xədicə İsmayıl da yeni imzalanan müqavilə ilə bağlı fikirlərini paylaşıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti 32 illik neft müqaviləsini panikada imzalayıb.
"Mənfəət neftində Azərbaycanın payını 80 faizdən 75-ə düşürən yeni kontrakt üzrə razılaşma belədir ki, hökumət təcili 3.6 milyard dollarlıq bonus alır. On ildən də az müddət ərzində bu bonus qayratılmalı olacaq".
'Şərtlər Azərbaycanın xeyrinə deyil'
Jurnalistin sözlərinə görə, panikanın səbəbi də elə budur, beynəlxalq borclarla bağlı ümidləri kəsilən hökumətə bu 3,6 milyard hava su kimi lazımdır.
"Azərbaycanın alacağı mənfəət neftində pay əvvəlki kontraktdan fərqli olaraq, 80 deyil, 75 faiz olacaq. Mənfəət vergisi ilə bağlı vəziyyətin nə olacağı bəlli deyil. Əvvəlki kontraktda uzun müddət mənfəət vergisi ödənməmişdi".
'Qərbdən basqıların azalacağını gözləyənlər yanılırlar'
X.İsmayıl deyib ki, SOCAR-ın payı 11,65 faizdən 25-ə qaldırılıb, amma bu həm də xərclərdə iştirakın qalxması deməkdir. Üstəlik, SOCAR-dan büdcəyə fayda da yoxdur. Amma parlamentdə bu şərtləri sorğulayacaq deputat da yoxdur.
"Kontraktın imzalanması ilə Qərbdən insan haqları, korrupsiya mövzusunda basqıların azalacağını gözləyənlər yanılırlar. Proses işə düşüb. Səngimə olmayacaq. İstənilən güzəşt Qərb dövlətlərinin də korrupsiyada iştirakı ilə bağlı şübhələri təsdiqləyəcək və beynəlxalq media bunu belə buraxmayacaq", - deyə araşdırmaçı jurnalist bildirib.