“Azərbaycan hakimiyyətinin Avropa Şurası Parlament Assambleyasının üzvü olmuş bir neçə deputata pul verməsi haqda araşdırmanın ortaya qoyduğu faktlar ədalətin bərpası üçün Avropa standartlarının tətbiqini hədəfləyən təşkilatı silkələyə bilər”
Bu fikirlər Britaniyanın “The Guardian” qəzetindəki məqalədə deyilir. Məqalədə deyilir ki, ödəmələrin detalları AŞPA-da korrupsiya şübhələri ilə bağlı başladılmış araşdırma nəticəsində ortaya çıxıb. Bu xoşagəlməz praktika ilə bağlı araşdırmalar İtaliya prokurorluğunun AŞPA-nın bu ölkədən olan üzvü Luca Volonte-yə qarşı ittihamlarından sonra başlayıb.
İtaliyalı deputata verilmiş milyonlardan başlayan korrupsiya araşdırmaları
Prokurorluğun ittihamına görə, Volonte Azərbaycandakı repressiyalar, jurnalistlərin və siyasi rəqiblərin həbsləri, seçkilərin saxtalaşdırılması kimi məsələlərlə əlaqədar AŞPA-da tənqidlər zamanı Azərbaycan hökumətini müdafiə etmək üçün onlardan milyonlarla avro pul alıb.
2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan hələ 2012-ci ildə “kürü diplomatiyası”nda – bahalı hədiyyələr, nəğd pullar vasitəsilə AŞPA üzvlərini ələ almaqda, onlara təsir göstərməkdə ittiham olunurdu. O zaman bu ittiham “Avropa Stabillik Təşəbbüsü” institutundan gəlmişdi. 2013-cü ildə AŞPA-da Azərbaycanda siyasi məhbuslarla əlaqədar hökumətin tənqid olunduğu bir qətnamə layihəsi səsverməyə çıxarılmış və keçməmişdi.
“Avropa Stabillik Təşəbbüsü”nün direktoru Gerald Knaus deyir ki, Volonte və buna bənzər hadisələrə lazımi reaksiya verilməsi illərlə uzandı.
“AŞPA-nın davranış kodeksi FİFA-dan da zəifdir”, – deyə Knaus Azərbaycan hökumətinin lobbi fəaliyyətinə milyardlar xərcləməsi haqda son ifşa materiallarını dərc etmiş nəşrlərdən biri – Fransanın “Le Monde” qəzetinə belə deyib.
Bank sənədləri göstərir ki, Azərbaycan hakimiyyəti təxminən 2,9 milyard dolları gizli Britaniya şirkətləri vasitəsi ilə ölkədən çıxararaq, beynəlxalq alımdə onu müdafiə elən tərəfdarlarına, lobbiçilərə, Avropadakı siyasətçilərə paylayıb.
Korrupsiya şübhələri ilə bağlı araşdırma aparmaq çağırışı bu ilin əvvəlində AŞPA-nın Hollandiyadan olan üzvü Piter Omtziqt-dən gəlmişdi. Valonte ilə bağlı başlanmış istintaq İkinci Dünya Müharibəsindən sonra demokratiya və insan hüquqlarının müdafiəsi məqsədilə yaradılmış Avropa Şurasında sistemli problemlər olduğunu ortaya qoydu.
“Bütün bu baş verənlər bütövlükdə AŞPA-nın çiddi çatışmazlıqlarından xəbər verir. Hansısa xarici məhkəmə sizin təşkilatda korrupsiya ilə bağlı qərar çıxarırsa, bu, həmin təşkilatdakı müəyyən prosedurların işləməməsi deməkdir”, – hollandiyalı deputat “The Guardian”a bildirib.
Omtziqt deyir ki, AŞPA hədiyyələr, qonaqlıqlarla bağlı deklarasiyalara zəif nəzarət edir. 15 il ərzində reyesterdə cəmi iki hədiyyə qeyd olunub.
Aqramuntun müqaviməti və məğlubiyyəti
AŞPA prezidenti Pedro Agramunt da əvvəlcə korrupsiya iddiaları ilə bağlı müstəqil araşdırma komissiyası yaradılmasına müqavimət göstərirdi. Amma korrupsiya qalmaqalı üzündən öz nüfuzu da zədələndi və komissiya yaradılması məsələsində mübarizədə də uduzdu.
Üç nəfər müstəqil ekspert tərəfindən aparılan araşdırma zamanı korrupsiyanın ifşası üçün gizli metodlardan da istifadə olunacaq.
AŞPA-nın Estoniyadan olan deputatı Andres Herkel deyir ki, iddialar nəticəsində AŞPA-nın nüfuzu zədələndi:
“Şəxsən mən nə kiçik, nə də böyük anlamda rüşvətlə qarşılaşmamışam. Amma bir çox hallarda şübhəli müdaxilələrin, gözlənilməz səsvermələrin və fikirlərin şahidi olmuşam”, – deyə Herkel bildirib.
Andres Herkel 2004-2010-cu illərdə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub.
“Bir çox insanlardan istifadə olunub, manipulyasiya edilib. İndi həmin adamlar onların iştirakı ilə nələr baş verdiyini dərk edirlər. Hesab edirəm ki, Azərbaycan lobbisi unikaldır. O anlamda ki, onların çoxlu müxtəlif əlaqələri var, “siyasi dostlarını” səfərbər edə bilirlər”, – deyə Herkel bildirib.
Bu məsələ ilə bağlı araşdırmalar AŞPA üçün ağır vaxta təsadüf edir. AŞPA-nın oktyabrda keçiriləcək payız sessiyasında Pedro Aqramuntun AŞPA prezidenti postundan gedəcəyi gözlənilir. Amma buna baxmayaraq, o da öz postu uğrunda mübarizəni davam etdirir. Deyir ki, ona qarşı baş verənlər “tamamilə şübhəli və təəssüf doğuran haldır”.
Agramunt onun ünvanına səslənən korrupsiya ittihamlarına gec cavab verməsi ilə bağlıdır. Suriyadada dinc əhaliyə qarşı kimyəvi silah hücumundan bir neçə gün öncə Rusiya səfəri çərçivəsində Suriya prezidenti Bashar Assad ilə görüşünün üzə çıxması Agramunt-un nüfuzunu təhlükə altında qoydu.
“Əlimizdə materiallar var”
AŞPA-da Birləşmiş Avropa Sağ Qrupunun rəhbəri Tiny Kox əmindir ki, Aqramuntla bağlı gələcəkdə baş verənlər araşdırmaya heç bir təsir göstərməyəcək.
“Assambleya üzvlərinin böyük əksəriyyətinin prezidentə etimadı yoxdur. Bu həm Assambleyanın, həm də onun prezidentinin problemidir. Hesab edirəm ki, bu da Assambleyanın oktyabrda keçiriləcək növbəti sessiyasında bitəcək”, – deyə Kox bildirib.
Onun sözlərinə görə, araşdırmanı aparanlara öz işlərini görmək üçün müəyyən qədər vaxt lazım idi: “Əslində, nələrin baş verdiyini bilmək üçün indi əlimizdə müəyyən vəsaitlər var”.
Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətin pisləşməsi ilə bağlı artan bəyanatlar əsasında hazırlanmış məruz də assambleyada müzakirə olunacaq. Məruzədə Azərbaycanda məhkəmə sisteminin durumu, icra hakimiyyətinin məhkəmələrə təzyiqi də öz əksini tapıb.
Belçikalı deputatın şübhəli davranışı…
Məruzəni belçikalı deputat Alen Dedeşex hazırlayıb. Onun məruzəsində analoji orqanlarla müqayisədə daha yumşaq fikirlər yer alıb. Məsələn. Avropa Şurasnın komissarı deyir ki, Azərbaycanda hakimiyyət öz rəqiblərini, tənqidçilərini susdurmaq, cəzalandırmaq üçün həbs metodundan istifadə edir. O cümlədən ABŞ Dövlət Departamentinin 2016-cı ildə dünyada insan haqlarının durumuna dair hesabatında Azərbaycanla bağlı hissədə daha kəskin ton var. Orada Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalardan bəhs olunur.
Dedeşex hesab edir ki, Azərbaycan hökumətini kəskin və açıq şəkildə tənqid etməmək lazımdır. Onun bu açıqlaması yəqin ki, bir sıra beynəlxalq siyasətçilərin Azərbaycanda insan haqlarının pozulmasına yumşaq reaksiya verdiyini düşünənlərin təəssüfünə səbəb olacaq.
Yeri gəlmişkən, Valonte Azərbaycandan pul aldığını etiraf edir. Amma deyir ki, bu pul onun fonduna xeyriyyə məqsədi ilə verilib. Ona görə bu iş üzrə məhkəmədə də sona qədər mübarizə aparacağını deyir.