Azərbaycan hakimiyyətinin 2012-2014-cü illəri əhatə edən 3 milyardlıq korrupsiya əməliyyatı - "Pulyuyan maşın" adlı beynəlxalq araşdırmaçı jurnalistlərin (OCCRP) ortaya çıxardı faktlar aidiyyatı olan bütün ölkələrdə ciddi hadisə kimi qarşılanıb.
Abzas.net xəbər verir ki, araşdırmada adı keçən ölkələrdən bəzilərində artıq rəsmi araşdırmalara başlanıldığı elan olunub.
Araşdırma çıxan gündən 3 gün ərzində baş verən hadisələri diqqətinizə çatdıracağıq. Azərbaycanda heç bir səlahiyyətli bu məsələ ilə bağlı obyektiv açıqlama verməsə də, prokururluq araşdırma açmasa da, "Pulyuyan maşın"da adı keçən bir neçə ölkədə bu məsələ ilə bağlı qaynar hadisələr baş verib.
Belə ki, sentyabrın 7-də Bolqarıstan Baş Prokurorluğu məlumat yaydı ki, Azərbaycan hakimiyyəti ilə çirkli pulların yuyulması əməliyyatında adı keçən UNESCO prezidentinin əri Kalin Mitrev haqqında araşdırma başladılıb.
3 milyardlıq araşdırma ortaya çıxardı ki, Azərbaycanın çirkli pullarının yuyulmasında rol oynayanlar arasında əsas Britaniya "proxy" şirkətlərinin də adı keçir. Bununla əlaqədar sentyabrın 6-da Birləşmiş Krallığın baş naziri Tereza Meyin ofisi açıqlama yaydı ki, baş nazir bu hadisələrdən narahat olub və İngiltərə Milli Cinayətkarlıqla Mübarizə Agentliyi “The Guardian” və digər media orqanlarının dərc etdiyi bu məlumatları araşdıracaq.
Hətta dünya gündəmini bir neçə gün zəbt edən "Pulyuyan maşın" araşdırması Azərbaycana təsirsiz ötüşmədi. Araşdırma dərc ediləndən 2 gün sonra ofşor zonalara bağlı iki şirkətin Azərbaycan nümayəndəliyi Bakıdakı ofislərini bağladıqlarını və ölkədən getdiklərini açıqladılar. Britaniyada 2011-ci ilin dekabrında yaranmış iki şirkətin Azərbaycan nümayəndəlikləri sentyabrın 7-də bağlandıqları haqda borclularını xəbərdar etdilər.
Eyni şirkətlərin təsisçiliyi ilə yaradılan bu şirkətlərə Azərbaycanda eyni şəxs rəhbərlik edirdi. Vergilər Nazirliyinin mətbu orqanı ("Vergilər" qəzeti) açıqladı ki, "Interex Service Group LLP" və "Novacotek Transportation and Delivery Services LLP" şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv olunur. Bu nümayəndəliklər 2012-ci və 2014-cü illərdən fəaliyyət göstərib.
Azərbaycan hakimiyyətinn xaricə çıxardığı 3 milyard dollardan yararlananlardan biri də Cövdət Quliyev olub. SOCAR-da işləyən keçmiş BP əməkdaşı araşdırma dərc ediləndən 9 dəqiqə sonra İngilis-Azərbaycan Cəmiyyətində tutduğu vəzifədən istefa verib. "Pulyuyan maşın" araşdırmasına görə, Cövdət Quliyev Azərbaycan hökumətindən 523 000 ABŞ dollarına yaxın pul alıb.
Azərbaycan hakimiyyətinin Avropadakı ən güclü lobbiçilərindən biri olan Belçikanın keçmiş xarici işlər naziri Marc Verwilghen milyardlıq araşdırma yayımlanandan sonra Avropa Azərbaycan Cəmiyyətindən istefa verdiyini bildirdi. Açıqlamasında istefasının "Laundromat" söhbətinə görə olmadığı bildirsə də, ictimaiyyət nümayəndələri belçikalı keçmiş diplomatın Tale Heydərovun təşkilatından məhz bu araşdırmaya görə olduğunu ehtimal edir.
"Pulyuyan maşın"ın üzvlərindən biri də sloveniyalı siyasətçi, son prezidentliyə seçkilərdə namizədlərdən biri Zmago Jelençiç Plemeniti olub. Plementini 2005, 2010, 2013-cü illərdə Azərbaycanda seçkiləri izləyən nümayəndə heyyətinin tərkibində olub və hakimiyyətdən 25,200 avro alıb. Onun 2008-ci ildə Azərbaycana dərman satışından 3 mln. dollar qazandığı deyilirdi. 3 milyard skandalından sonra Plementini artıq prezident seçkilərinə namizəd deyil. Partiya onu namizədlikdən kənarlaşdırıb.
Bu hadisələr araşdırma dərc ediləndən sonra 4 gün ərzində baş verənlərdir. Ekspertlər ehtimal edir ki, nəhəng maliyyə maxinasiyası ilə bağlı araşdırmanın bundan sonra da xaric ölkələrdə və Azərbaycanda yeni hadisələrə səbəb olacaq və yeni araşdırmaların başlanacaq.