Hazırda həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva izləndiyini bildirir.
Bu barədə Leyla Mustafayeva, vəkil Arçil Çopikaşvili və Gürcüstanda yaşayan fəal Daşqın Ağalarlı Tiflisdə keçirdikləri mətbuat konfransında bildiriblər. Həmçinin tədbirdə, Gürcüstanda fəalları izləyən şəxslərin video və foto görüntüləri yayımlanıb.
Leyla Mustafayeva Gürcüstanın paytaxtı Tiflis şəhərində yaşayır. O, mətbuat konfransında bildirib ki, izləmələr Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra daha da intensivləşib. "Bu adamlar Əfqan həbs olunmamışdan əvvəl onu da izləyirdilər" Tədbirdə Əfqan Muxtarlının gürcüstanlı vəkili Arçil Çopikaşvili və siyasi fəal Daşqın Ağalarlı da çıxış edərək, Tiflisdə yaşayan aktivistlərin izləndiyini, onların həyatı üçün təhlükə yarandığını jurnalistlərin diqqətinə çatdırıblar. Mətbuat konfransında avqustun 2-4 tarixində olan izləmələrin video və foto görüntüləri yayımlanıb. Həmçinin Əfqan Muxtarlını həbsdən öncə izləyən adamların da şəkilləri təqdim edilib. 'Ramil Usubovun səfərindən sonra bu izləmələr intensivləşib' Meydan TV-nin suallarını cavablandıran Leyla Mustafayeva deyib ki, iki gün əvvəl oturduqları kafedə onları bir qadın izləyib. Sonra Respublika parkına gediblər və orada da iki nəfər tərəfindən izləndiklərini hiss ediblər: "Ramil Usubovun səfərindən sonra bu izləmələr intensivləşib. Üstəlik, izləyənlər əvvəlki kimi SOCAR-ın tutduğu sıravi adamlar deyil, peşəkarlardır. Mühafizə xidmətinin əməkdaşlarına bənzəyirlər. Onların forması, quruluşu, davranışı peşəkardır. Hətta biz onların şəkilini çəkə bilmirdik, yayınırdılar. Bu adamlar Əfqan həbs olunmamışdan əvvəl onu da izləyirdilər”. Maşındakı adam Gürcüstanda açılan cinayət işində Əfqanı ən son görən adam kimi ifadə verən şahid Rəhim Şalıyevi izləyib Leyla Mustafayevanın sözlərinə görə, hazırda Tbilisidə yaşayan azərbaycanlı aktivistlərin həyatı təhlükədədir: "Burada yaşayan aktivistlərin çoxu ölkəni tərk etsə də, qalanlar var və onların həyatı təhlükədədir. Buradakı jurnalistlər və aktivistlər hələ də Azərbaycan hökumətinin nəzarətindədir və Gürcüstan hökuməti də onların izlənməsinə şərait yaradır. Bu, onu göstərir ki, iki ölkə arasında razılaşma var və bu razılaşma Ramil Usubovun səfərindən sonra hiss olunur. Bu da bizim hərəkət və peşə fəaliyyətimizi məhdudlaşdırır”. Xatırlatma Daxili işlər naziri Ramil Usubov avqustun 3-də Gürcüstana səfər edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər nazirlərinin avqustun 3-də keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub. Eyni zamanda, dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb. Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.