Bu gün, avqustun 16-da bir qrup Yasamal rayon sakini evlərinin sökülməsinə etiraz ediblər.
Abzas.net xəbər verir ki, Yasamal rayonunda ASAN xidmətin yaxınlığında yerləşən bir neçə ev pilot layihəsinə düşüb. Ev sahibləri bundan ərazidə söküntü işləri aparılanda agah olublar.
Onlar bildirirlər ki, səhər küçəyə çıxanda küçədə söküntü işlərinin getdiyini görüblər. Səbəb soruşanda, evlərin qəzalı vəziyyətdə olmasını və buna görə də pilot layihəyə düşdüyünü deyiblər.
Ev sahiblərinin sözlərinə görə, onlardan 2 il ərzində kirayə qalmalarını və daha sonra öz evlərinə köçürüləcəklərini bildiriblər. Ancaq ev sahibləri bununla razılaşmır.
"Bizə deyirlər ev qəzalıdır, niyə bir dəfə gəlib maraqlanmayıblar. Bu evlər təmirli evlərdir, qəzalı deyil. Səhər işə gedirik, görürük ki, evmizi sökürlər. Soruşuruq, "Pilot layihədir, gedin kirayə qalın" deyirlər. Belə də iş olar? Evlərimizi istəmirlər? Hesablayıb pulumuzu verib alsınlar evmizi, nə edirlər etsinlər. Biz kirayə qalmayacağıq" - deyə ev sahibləri bildiriblər.