Yalan danışan böyük alimə birmənalı sevgi ola bilərdimi? - Şahvələd Çobanoğlu

Yalan danışan böyük alimə birmənalı sevgi ola bilərdimi? - Şahvələd Çobanoğlu
13 Avqust 2017
Mətni dəyiş
Şahvələd Çobanoğlu

Lütfi Zadə doğrudan da ciddi alimdir. Bizim münasibətimizin pis və yaxşı olması onun elmi uğurlarının üstündən xətt çəkə bilməz. Hərçənd, onun elmdəki yeri barədə xeyli şişirdilmiş təsəvvürlər var Azərbaycanda. Onun nəzəriyyəsindəki “qeyri-səlis məntiq” anlayışından istifadə edərək nədənsə adamlara aşıladılar ki, Zadə yeni məntiq və yeni riyaziyyat yaradıb.

Əslində isə, Lütfi Zadənin işləri qeyri-səlis çoxluqlarla (Fuzzy Sets), dəqiq verilənlər olmayan şəraitdə aparılan hesablamalarla bağlıdır. Həmin “məntiq” sözü heç kimi çaşdırmasın, heç kim bundan çıxış edib “dolmanı qeyri-səlis məntiqlə yeməliyik”, “şeiri qeyri-səlis məntiqlə anlamalıyıq” və s. bu kimi axınlara uymasın.

Belə bir misal çəkə bilərik. Tutaq ki, yayın bu istisində əminizin ailəsi hamılıqca dağa gedərkən sizə zəng edib xahiş edirlər ki, arada onlara gedib evdəki güllərə su verəsiniz. Siz bir həftə sonra evə gedəndə birdən düşünürsünüz ki, hər gülə nə qədər su verilməsini bilmirsiniz, çox su vermək bəzi güllərə ziyan da vura bilər. Başqasından dəqiqləşdirmək imkanı da yoxdur. Bu zaman bir neçə amil ilə qeyri-səlis hesablama aparırsınız.

1. Gövdəsi iri güllərə daha çox su vermək gərək.

2. Dibindəki torpaq daha çox qurumuş güllər daha çox istəyir.

3. Yarpaqları saralmamış güllərə çox su verməyə ehtiyac yox və s.

[caption id="attachment_43262" align="aligncenter" width="1023"] Şahvələd Çobanoğlu[/caption]

Bax, bu bəsit misal bizim adi həyatda Lütfi Zadə hesabı aparmağımızdır. Amma onun nəzəriyyəsi çox ciddi obyekt və məsələlərə tətbiq etmək üçün nəzərdə tutulur. Hətta zamanında ABŞ-da texniki sistemlərin idarə edilməsi sahəsində ən birinci elm adamı hesab edilib. Amma bu da onu yeni riyaziyyat yaratmış adam kimi təqdim etməyə əsas vermir və hətta belə bir iddia gülməlidir. Özüm xatirələrdə oxumuşam - məşhur rus alimi Moiseev dinamik proqramlaşdırmanın banisi Bellman və Zadə ilə bir söhbətini yazıb. Bellman şikayət edib ki, nəzəri riyaziyyatçı olsa da, ABŞ-da ona riyazi-mühəndis deyirlər. Zadə də deyib ki, onda isə tərsinədir, riyazi-mühəndis olduğu halda, ona da nəzəri riyaziyyatçı deyirlər.

Amma tutaq ki, çoxları yenə hesab edir ki, Zadə düşündüyümüzdən də böyük alimdir. Böyük alim isə azərbaycanlı olmasa belə, sevgiyə layiqdir.

Onda bu böyüklüyü görənlər “bizim ölkədə bəziləri onu niyə sevmirlər?” sualına cavabı da asanlıqla tapmalıdır.

Bir kəlmə hər şeyi həll edib. Zadənin Azərbaycan hakimiyyətini və İlham Əliyevi tərifləməsi. Əsassız şəkildə Azərbaycanın uğurları haqda danışması. Yalan danışması.

Böyük alimə bundan sonra birmənalı sevgi necə ola bilərdi?

Əvvəllər də burada yazdığım bir əhvalatla fikrimi bitirim. Martin Haydeggerin necə böyük fikir adamı olmasını kimsə inkar ertmir. Amma rektor olanda sadəcə və sakitcə SS üzvü olması onu indiyədək lənətləməyə əsas olub.

Haydegger müharibədən sonra məşhur şair Selanla görüşə getmişdi. Selan onu çox mədəni qarşıladı, çox nəzakətlə söhbət etdi. Lakin axırda Haydeggerin adamları deyəndə “Martin onunla foto çəkdirmək istəyir”, şair etiraz etdi: “Mən onunla şəklimin olmasını istəmirəm”.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun