“Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa, vətən uğurunda şəhid olaydım”
Lələtəpə döyüşünün iştirakçısı Azər Əbülfət oğlu Aslanov birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyən döyüşçü yazır ki, Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusudur.
O, bir müddət müalicə aldığı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında götürülən qan analizində linfa xərçəngi aşkarlandığını və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildiyini deyir:
“Ağciyərin yaxınlığında yerləşən linfada xərçəng xəstəliyinin mövcud olması Milli Onkologiya Mərkəzində təsdiqini tapdı və ilkin müalicə üçün lazımı köməkliklər edildi. Milli Onkologiya Mərkəzində 5 gün yatdıqdan sonra ikinci müalicəmin davam etdirilməsi üçün evə buraxılmışam.
Milli Onkologiya Mərkəzinin həkimləri müalicə olunaraq yaşamağım üçün maddi vəsaitin olmasını deyirlər. Ancaq 2 övlad atası olaraq ailə vəziyyətimin ağır olması, müalicə olunmağım üçün lazım olan vəsaiti əldə etməyim mümkün deyil. Hazırda qulluq etdiyim N saylı hərbi hissəsinin yarıqat əmək haqqından başqa gəlir yerim yoxdur. Xəstəliyimlə əlaqədar olaraq qulluq etdiyim N saylı hərbi hissədən yaxın günlərdə məni təxris etdikdən sonra isə müalicəm üçün heç cürə maddi imkan əldə edə bilməyəcəm”.
Son ümid yeri kimi Ali Baş Komandan İlham Əliyevə və xanımına üz tutan hərbi qulluqçu yazır:
“Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa, vətən uğurunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və sizə olan inamım daim ürəyimdədir.
Sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, 2 övlad atası kimi xahiş edirəm, ağır xəstəliyimin müalicəsi üçün mənə kömək edin. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Mən də mümkün olduğu qədər yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram”.
Hərbçinin məktubuna rəsmi münasibət bildirilməyib.