Avqustun 29-da vəkil Fariz Namazlı 1 saylı Bakı İstintaq Təcridxanasında Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə görüşüb.
Bu Mehman Əliyevin vəkili ilə ilk görüşüdür. Vəkil Amerikanın Səsinə müsahibəsində görüş zamanı müzakirə edilən məsələlərdən danışıb.
Siz bu gün Kürdəxanı təcridxanasında Mehman Əliyevlə görüşübsünüz. İlk öncə səhhəti necədir?
- Bu gün təcridxanada Mehmna Əliyevlə görüşdüm. Səhhəti qaydasındadır. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə olunub, rentgendən keçirilib, ürəyi yoxlanılıb, kardioqramması çıxarılıb. Hər şey qaydasındadır. Tibbi cəhətdən müayinədən keçirilib, heç bir problemi yoxdur.
Mehman Əliyevlə hansı məsələləri müzakirə etdiniz?
- İstintaqla bağlı bəzi işləri müzakirə etdik.
Görüşünüz nə qədər davam etdi?
- Görüşümüz iki saata yaxın davam etdi.
Mehman Əliyevin şikayəti var idi? İstintaqın gedişi ilə bağlı bir söz dedi?
[caption id="attachment_5715" align="aligncenter" width="987"] Fariz Namazlı[/caption]- İstintaq yeni başlayıb. Onun həbsi üçün maddi və prossesual əsaslar mövcud deyil. Təbii ki, onun həbsi qanunsuz olduğundan şikayətçidir. Yəni heç bir əsas olmadan həbs olunub. Onun həbsinə əsas verəcək hallar mövcud deyil və heç bir ilkin sübut təqdim olunmayıb.
Mehman Əliyev Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictimiyyətə hansısa bir müraciət etdimi?
- Sadəcə dostlara salam göndərdi. Onu müdafiə edən hər kəsə təşəkkürünü bildirdi. Özünün də əhval-ruhiyyəsi çox yaxşıdır, mübarizdir. Hazırda proseslərin gedişatını izləyirik.
Sabah Apellyasiya Məhkəməsində Mehman Əliyevin apellyasiya şikayətinə baxılacaq. Bununla bağlı Mehman Əliyevin fikirləri necədir?
- Hər hansı bir gözlənti yoxdur. Təbii ki, gedişatdan asılıdır. Görək nə olur. Müdafiə tərəfi apellyasiya şikayəti verib ki, Mehman Əliyev barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, azadlığa buraxılsın. Görək məhkəmə hansı qərarı çıxarır.
Mehman Əliyevin saxlanma şəraiti ilə bağlı fikirləri necədir?
- Saxlanma şəraiti ilə bağlı hər hansı problemi yoxdur. Narazılığı yoxdur.