Universitet yataqxanalarında tələbələrin qalmaq şansı varmı? [qiymətlər, şərait]

Universitet yataqxanalarında tələbələrin qalmaq şansı varmı? [qiymətlər, şərait]
17 Avqust 2017
Mətni dəyiş

Ali məktəblərə ixtisas seçimi yekunlaşıb və sənəd qəbulu başlayıb. Ali təhsil müəssisələrinə qəbul olunanlar arasında ailəsi regionlarda yaşayan gənclərin də sayı kifayət qədərdir.

Bu da həmin tələbələrin mənzil problemini gündəmə gətirir. Çünki rayonlardan gələnlərin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Bəzi ali təhsil müəssisələri isə müxtəlif səbəblərdən öz tələbələrini yataqxana ilə təmin edə bilmirlər.

Report agentliyi Bakıda fəaliyyət göstərən universitetlərin yataqxanalarının vəziyyəti ilə bağlı reportaj hazırlayıb.

Azərbaycan Dillər Univeristetindən (ADU) bildirilib ki, ali təhsil müəssisəsinin oğlan və qızlar üçün ayrıca iki yataqxanası var:

"ADU yataqxanasının aylıq ödəniş 20 manatdır"

“Oğlanlar üçün yataqxanada qaçqınlar və məcburi köçkünlər məskunlaşıb. Qızlar üçün yataqxananın iki blokunda qaçqınlar və məcburi köçkünlər yaşayır, iki blok isə tələbə qızların ixtiyarına verilib və tam təmirlidir. Burada 200 tələbənin qalması üçün bütün imkanlar var".

Universitetdən verilən məlumata görə, ADU-da yuxarı kursda təhsil alan tələbələr istənilən vaxt yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Ali təhsil müəssisəsinə yeni qəbul olunan qızlar isə qeydiyyatdan keçdikdən sonra ərizə ilə rəhbərliyə müraciət etməlidirlər. Eyni zamanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış da təqdim edilməlidir:

"Yataqxanada qalan tələbələr üçün aylıq ödəniş 20 manatdır. Ancaq hər bir tələbənin yataqxanada qalması 75 manata başa gəlir. Bunun 55 manatını universitet öz üzərinə götürüb, 20 manat isə tələbələr tərəfindən ödənilir. Yataqxanadakı mənzillər 2-3 otaqlıdır. Hər otaqda bir nəfərin qalmasına icazə verilir. Rektor Kamal Abdullanın təşəbbüsü və göstərişi ilə hazırda qızlar üçün yataqxanada gözəl bir kitabxana tikilir”.

Pedaqoji Universitetin 5 yataqxanasından 4-də məcburi köçkünlər qalır

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, ali məktəbin 5 yataqxanası var:

“Həmin yataqxanaların dördündə məcburi köçkünlər məskunlaşıb. Yalnız 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbə yerlə təmin edilə bilər”.

Neft və Sənaye Universiteti 1000 nəfərlik yeni yataqxana tikir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) isə ali təhsil müəssisəsinin 300 nəfərlik yataqxanasının olduğu qeyd edilib. Universitetdən bildirilib ki, yataqxanada bir otaqda 3 nəfər qala bilər:

“Seçimi Tələbə Həmkarlar İttifaqı Komitəsi edir və daha çox sosial vəziyyəti aşağı olan tələbələr seçilir. Ancaq ümumilikdə əcnəbi tələbələr qalır. Yataqxanada qalan hər bir tələbə üçün aylıq ödəniş 30 manat təşkil edir. Qızlar və oğlanlar eyni binada qalsalar da, mərtəbələr ayrıdır. Gələn ilin sentyabrından 1000 nəfərlik yeni yataqxana istifadəyə veriləcək. Qiymətlərlə bağlı heç bir dəyişiklik gözlənilmir”.

"Tibbi Universiteti yataqxanasının aylıq ödənişi 60 manatdır"

Azərbaycan Tibb Universitetinin (ATU) 6 yataqxanası var. Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1300 nəfərdir.

"Son iki ildir ATU-nun yataqxanası ödənişlidir. Hazırda ödəniş haqqı aylıq 60 manatdır. Yataqxana təmirdən təzə çıxdığından şəraiti yaxşıdır. Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələ isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır".

Bakı Ali Neft Akademiyasının yeni tələbə kampusu var

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri isə yeni tədris ilində yeni inşa olunan kampusun 400 çarpayılıq tələbə evində qalacaqlar:

“Tələbə evinin iki ayrı çıxışı var. Bu da qız və oğlan tələbələr üçün girişin fərqli olacağı deməkdir. Artıq yataqxana üçün müraciət edilib və bütün yerlər tutulub”.

"Texniki Universitetin yataqxanası ödənişsizdir"

Azərbaycan Texniki Universitetin (AzTU) yataqxanası 5 korpusdan ibarətdir. Hazırda yataqxanaların dördündə məcburi köçkünlər yaşayır.

"Onlardan yalnız birində təxminən 80 nəfər tələbə qala bilir. Bir otaqda 4 tələbənin qalması üçün şərait var. Burada yalnız oğlan tələbələr qalır. Tədris ilinin başlanğıcından tələbələr ərizə ilə müraciət edə bilər. Yataqxana ödənişsizdir. Universitet öz imkanı hesabına xərcləri ödəyir".

İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin yataqxanalarında məcburi köçkünlər yaşayır

Bakı Slavyan Universitetinin (BSU) isə 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin 5 yataqxanası olsa da, hamısında məcburi köçkünlər məskunlaşıb və buna görə də tələbələrə yataqxana xidməti təklif edə bilmir.

Sumqayıt Dövlət Universitetində eyni vəziyyətdir. Yəni yataqxanası olsa da, məcburi köçkünlər məskunlaşdığından heç bir tələbə qalmır.

BDU 5-6 min nəfərlik tələbə şəhərciyi salır 

Bakı Dövlət Universitetindən  bildirilib ki, ali məktəb bu il tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Belə ki, universitetin yataqxanalarında vaxtilə məcburi köçkünlər məskunlaşmışdı. Lakin bir neçə il əvvəl onlar Müşfiqabad qəsəbəsinə köçürüldükdən sonra yataqxana binaları tamamilə sökülüb:

“Planda yeni yataqxananın inşası nəzərdə tutulur və layihə də hazırdır. Kompleks şəhərciyin tikilməsi planlaşdırılan yataqxanalarda 5-6 min tələbə yaşaya biləcək”.

Eyni vəziyyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də yaşanır, yəni ali təhsil müəssisəsinin yataqxanasında məcburi köçkünlər yerləşdirildiyindən tələbə qəbul edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun