Türkiyə prezidenti Recep Tayyip Erdoğan avqustun 21-də bəyan edib ki, Ankara və Tehranın İraqın İranla həmsərhəd Qəndil regionunda PKK-ya qarşı birgə hərbi əməliyyat keçirməsi planı gündəlikdədir.
Bundan bir neçə gün əvvəl İran ordusu baş qərargahının rəisi general-mayor Mohamed Bagheri Ankaraya üçgünlük səfər etmiş və türkiyəli həmkarı general Hulusi Akarla danışıqlar aparmışdı.
Erdoğan deyib ki, PKK həm İran, həm də Türkiyə üçün təhlükə yaradır və iki ölkənin rəsmiləri PKK-ya, habelə onun İran qolu olan Kürdüstan üçün Azad Həyat Partiyasına (PJAK) qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər.
Türkiyə prezidenti bunu da əlavə edib ki, iki hərbi komadanın müzakirə etdiyi məsələ diplomatik müstəvidə də müzakirə mövzusu olacaq.
Erdoğan əməliyyatın vaxtı və dəqiq yeri barədə heç bir detallara varmayıb.
Buna baxmayaraq Türkiyə mediası belə bir müştərək əməliyyatın İraqın şimalındakı Sincar və Qəndil rayonlarında aparıla biləcəyindən yazır.
Bagheri-nin səfəri zamanı tərəflər habelə iki ölkə arasındakı sərhədin möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.
İran generalı deyib ki, Ankara və Tehran ortaq sərhədin mühafizəsində bir-birlərinin fəaliyyətlərini tamamlayacaqlar.
General-mayor Bagheri habelə bildirib ki, Ankara və Tehran İraqın kürd muxtar regionunda sentyabrın 25-ə təyin edilmiş müstəqillik referendumunun keçirilməsinə qarşıdırlar.
Bagheri bildirib ki, belə coğrafi dəyişikliklər “İraqın daxilində gərginlik və toqquşmalara səbəb ola bilər”.