Turan informasiya agentliyində Vergilər nazirliyinin nümayəndələrinin axtarışı müşahidəçilər tərəfindən Azərbaycanda müstəqil mediaya qarşı təzyiq kimi qəbul edilir. Təhlilçilərin fikrincə, bu, Azərbaycanda alternativ fikrə dözümsüzlük şəraitinin mövcud olduğunu bir daha nümayiş etdirir.
Beynəlxalq hüquq müdafiə təşkilatları və Qərb ölkələrinin hökumətləri rəsmi Bakını müstəqil mediaya və jurnalistlərə, eləcə də müxalif siyasətçilər və fəallara qarşı təqib kampaniyası aparıldığına görə tənqid edir.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Amerikanın Səsinin Amerika icmalı proqramında Turan informasiya agentliyində axtarış və Azərbaycanda müstəqil mətbuatın durumundan danışıb.
Xədicə İsmayıl Vergilər nazirliyinin axtarışını hökumətin müstəqil media qurumunu susdurmaq cəhdi kimi dəyərləndirib.
“Turan agentliyi ölkədə qalmış yeganə müstəqil media qurumu idi. Uzun illər idi ki, Azərbaycanda başqa müstəqil agentlik yox idi. Bütün agentliklər bu və ya digər şəkildə hökumətə bağlı idilər və hökumətin xəttini yürüdürdülər və Turan agentliyi yeganə agentlik idi ki, müstəqil idi. Bundan əlavə Turan agentliyi həm də jurnalistika peşəsinin şərəfini müdafiə edən yeganə qurum olaraq qalır Azərbaycan tarixində, çünki bu yaxınlarda prezidentin jurnalistlərlə bağışladığı evlərdən imtina edən yeganə qurum Turan agentliyi idi”.
Xədicə İsmayıl Turan agentliyinin yeganə mötəbər informasiya mənbəyi adlandırıb.
“Həqiqət axtaran media qurumları-xaricdəkilər və yerli media qurumları hər zaman Turan agentliyinin xəbərlərinə istinad edirdilər. Yəqin ki, bu, çox böyük itkidir, həm xarici media qurumları üçün, çünki yeganə mötəbər mənbələrini də itirirlər ölkədə və eyni zamanda, belə deyək, yerli məlumat axtaran insanlar üçün çox böyük bir itkidir peşəkarlıq baxımından.”
Araşdırmaçı jurnalist Azərbaycanda medianın hazırkı durumu ilə bağlı fikirlərini bildirib.
“Vəziyyət mən həbsxanaya düşməmişdən öncədən daha pisdir. Çünki mən həbsxanaya düşəndən sonra Azadlıq Radiosunun yerli bürosu da bağlandı. Bu yaxınlarda Azadlıq qəzeti də artıq demək olar ki bir ildir yayımını dayandırıb, çapını dayandırıb. Medianın durumu ilə bağlı vəziyyət olduqca gərgindir. Faktiki olaraq insanlar Facebook-dan başqa və xaricdən yayılan saytlardan başqa informasiya mənbəyi əldə edə bilmirlər.”
Xədicə İsmayılın sözlərinə görə, azad informasiyanın axınının qarşısının alınması və peşəkar müstəqilə jurnalistlərin susdurulması müasir fenomen olan saxta xəbərlərin yayılmasına yol açır.
”Turan agentliyində və digər media qurumlarında çalışan vicdanlı jurnalistlərin sayəsindədir ki, həqiqət hələ də söylənməkdə davam edir. Artıq bir azda ənənəvi media öz yerini blogerlərə verib. Bu da qəribə tendensiyadır, çünki peşəkar media susdurulduqca onun yerini müxtəlif mövqelərdən qeyri-peşəkar blogerlər və s. alır. Çünki cəmiyyətin bu informasiyaya ehtiyacı var…Hələ də ehtiyacı var və sosial şəbəkələrdə hələ də hansısa məlumatlar yayılır. Amma indi dünyada böyük bir trenddir fake news (saxta xəbərlər) trendi. Əslində, Azərbaycanda saxta xəbərçiliyin ayaq tutub yeriməsinin əsas səbəbi hökumətin peşəkar və müstəqil medianı susdurmasıdır.”