'Test üsulunun ləğvinin yalnız bir məqsədi var, o da qəbulda rüşvətin bərpasıdır'

'Test üsulunun ləğvinin yalnız bir məqsədi var, o da qəbulda rüşvətin bərpasıdır'
24 Avqust 2017
Mətni dəyiş

Avqustun 23-də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 2018-ci il qəbul imtahanlarının test üsulu ilə keçirilməsinin sonuncu il olacağını açıqladı.

Abzas.net xəbər verir ki, mövzu sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Qəbul qaydaları dəyişdirilərsə, 26 il davam edən test üsulu qəbul sistemi tarixə qovuşacaq.

Tarixçi, təhsil eksperti Altay Göyüşov mövzu ilə bağlı bildirir ki, test üsulunun ləğvinin yalnız bir məqsədi var, o da qəbulda rüşvətin bərpası.

"Bütün dünyada hətta təhsil haqlarının belə ləğv ediməsi tendensiyası gedir, bunlar isə qəbulda rüşvəti bərpa edirlər. Ali məktəbdəki rüşvət bunların hələ sovet dövründən əsas gəlir mənbələrindən olub. Elçibəy hakimiyyəti gələn kimi birinci bu dağıdıcı rüşvətxor sistemi ləğv elədi".

"Neft gəlirlərinin sürətlə azaldığı bir dönəmdə bu gəlirli "sahəni" bərpa etməkdən başqa çarələri qalmayıb"

Ekspert bildirir ki, AXC-Müsavat hakimiyyəti olmasaydı, heç vaxt test üsulu da olmayacaqdı və kasıbın uşağı da 1970-1980-ci illərdəki kimi nə hüquq fakültəsi, nə də tibb universiteti görməyəcəkdi.

Onun sözlərinə görə, 1993-dən sonra da test üsulunu ləğv edə bilmədilər, çünki camaatın reaksiyasının nə olacağını bilirdilər.

"İndi isə, deyəsən neft gəlirlərinin sürətlə azaldığı bir dönəmdə bu gəlirli "sahəni" bərpa etməkdən başqa çarələri qalmayıb. Əslində bu, hakimiyyətin vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunun göstəricisidir", - deyə A.Göyüşov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun