Taleh Bağırzadə Qobustan həbsxanasına köçürülüb

Taleh Bağırzadə Qobustan həbsxanasına köçürülüb
3 Avqust 2017
Mətni dəyiş

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri etap ediliblər.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, T.Bağırzadəylə A.Hüseynov Qobustan həbsxanasına köçürülüb. F.Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub. Digər 15 nəfər də başqa cəzaçəkmüə müəssisəsinə köçürülüb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir). Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Bundan əlavə, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hökmə əsasən, T.Bağırzadəylə A.Hüseynov cəzalarının ilk 7 ilini həbsxana rejimində, qalan ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

Bakı Apellyasiya Məhkəməsi hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun