Bu yaxınlarda İsrailin Haaretz qəzetinin internet saytına bənzədilən saxta bir saytda Prezident İlham Əliyevin ailəsinin İsraildə mülkə və müxtəlif yatırımlara sahib olması barədə yayılan uydurma xəbər az qala iki ölkə arasında diplomatik qalmaqala səbəb olmuşdu.
Lakin bu, saxta xəbərlərin böyüyən təsirinin yeganə nümunəsi deyil.
"İsrailli nazirin Əliyevlər iddiası"
İyulun 30-da İsrailin Haaretz qəzetinə bənzədilmiş saxta saytda dərc edilən məqalədə İsrailin turizm nazirinin mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevin İsraildə yatırımları olduğunu dediyi yazılıb.
Lakin növbəti gün, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov, dövlət xəbər agentliyi Azərtaca müsahibə verərək, Haaretz qəzetinin dəfələrlə Azərbaycan barədə yalan məlumatlar dərc etdiyini demiş və İsrail səfirliyi və turizm nazirindən mövqeylərini bildirmələrini tələb etmişdi.
Haaretz qəzetinin müxbiri Barak Ravid BBC Azərbaycancaya saxta məqalə ilə bağlı deyib: "Mən heç zaman (belə bir yazı) yazmamışam və o Haaretz qəzetində heç zaman dərc edilməyib. Mənim bildiyimə görə, turizm naziri heç zaman belə bir şərh verməyib".
Eyni gündə Azərtaca müsahibə verən İsrail səfiri Dan Stav, Haaretz qəzetinin ona bu məqalənin saxta olduğunu bildirdiyini deyib və İsrailin Turizm nazirinin adından yayılan sözlərin heç vaxt deyilmədiyini qeyd edib.
Lakin xəbərin saxta olduğunun bir neçə göstəricisi olub. Əvvəla, məqalənin "Haaretz" yox, "Haareƫz" adlı ünvana yerləşdirildiyi görünür. Burada ƫ hərfinin palatal quyruğu, onu t harfindən fərqləndirir.
İnternet ünvanlarının ictimai qeydiyyatında isə, haareƫz.com domeninin iyulun 27-də saxta ada bənzər adla əldə edildiyi göstərilir.
Bundan başqa, məqalədə qeyd edilən "mətbuat konfransı" barədə başqa heç bir İsrail qəzetinin yazmadığını aşkar etmək çətin deyil.
Eyni zamanda, yazının özünün ingilis dilində zəif yazılması və müəllifi olduğu iddia edilən jurnalistin özünə üçüncü şəxs kimi müraciət etməsi gözə çarpır.
Biz eyni zamanda fərqli ölkələri silkələmiş digər saxta xəbərlərə nəzər salmışıq.
İsrail və Pakistan nüvə silahı hədələri
Ötən ilin dekabr ayında AWDNews adlı sayta yerləşdirilmiş saxta xəbərdə, İsrailin müdafiə nazirinin Pakistanın Suriyaya qüvvələrinin göndərdiyi təqdirdə nüvə hücumu ilə məhv ediləcəyini dediyini yaymışdı.
Xəbərin saxta olduğuna varmayan Pakistanın müdafiə naziri Twitter-də "Pakistan da nüvə ölkəsidir" deyərək İsrailə xəbərdarlıq etdi.
Bundan bir gün sonra, İsrailin müdafiə nazirliyinin Twitter hesabı xəbərin saxta olduğunu qeyd etmək məcburiyyətinə gəldi.
ABŞ: Pizzagate qalmaqalı
Ötən ilin dekabr ayında, internet forumlarında Hillary Clinton və Demokratlar partiyasının digər rəsmilərinin əlaqələndirildiyi bir pizza restoranı barədə yayılmış saxta sui-qəsd nəzəriyyəsinə aldanan bir amerikalı, restoranda avtomatik silahından atəş açıb.
Heç kəsin xəsarət almadığı hadisədən sonra həbs edilən Edgar Welch "vəziyyətə reaksiyama görə təəssüflənirəm" deyib.
İnternetdə uşaqların yüksək vəzifəli siyasətçilər tərəfindən restoranda cinsi işgəncəyə məruz qalması xəbərini saxta xəbər yayan saytlardan oxuduqdan sonra, Edgar Welch, maşınını 560 kilometr uzaqlıqda yerləşən Comet Ping Pong pizza restoranına sürüb.
Avtomat tüfəngilə restorana daxil olan cənab Welch, qaçaqlıqlqa restorana gətirib məcburən saxlandıqları iddia edilən uşaqları tapa bilməyib. Lakin oxuduğu xəbərlərin saxtalaşdırıldığını eşidəndə, o, "saxta xəbər" terminini gəbul etmədiyini deyib.
Saxta xəbərlərin məqsədi və təsiri
Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
2016-cı il ABŞ prezident seçkiləri ərəfində seçicilər arasında keçirilən bəzi sorğular, saxta xəbərlərin seçkilərə təsiri olduğunu göstərib.
Sentyabr ayında aparılan bir sorğu, Trump tərəfdarlarının 14 fazinin "Pizzagate" iddialarının doğru olduğunu düşündüklərini göstərib.
Saxta xəbərlər və konspirasiya fərziyyələrinin yayılmasını araşdıran almaniyalı alimlər isə, araşdırmaları üçün yaratdıqları ifrat sağçı saxta saytlara ictimaiyyətdə böyük həvəs olduğunu aşkar ediblər.
Almaniyanın bir şəhərində qaçqınların fahişələrlə sekslə məşğul olmasının hökumət tərəfindən maliyyələşdirildiyini idda edən məqalələrdən biri dörd gün ərzində 150 dəfə paylaşılaraq 11 min nəfər tərəfindən oxunub.
Xəbərdə adı çəkilən yerin mövcüd olmamasına baxmayaraq, çox sayda oxuyucu xəbərə qəzəblə yanaşıblar.
Artıq tədqiqatlar üçün yaradılmış saxta xəbər saytının başlığında xəbərlərin saxta olduğu qırmızı rəngli yazıda qeyd edilir.
Tədqiqatı aparan Almaniya alimləri Facebook-un onların saxta xəbərlər üçün yaratdıqları və hətta Mark Zuckerberg barədə yaydıqları saxta xəbərlərə baxmayaraq nə Facebook, nə istifadəçilər tərəfindən sual atına qoyulmadığından təəcübləndiklərini deyiblər.
Bundan başqa ABŞ-ın Stanford Graduate School of Education institutunun apardığı araşdırmada, tədqiqatçılar 12 ABŞ ştatında məktəblilərdən 7800 cavab alaraq onların məlumat mənbələrini qiymətləndirmə qabiliyyətini ölçüblər.
Nəticələri əldə etdikdən sonra, tədqiqatçılar məktəblilərin "təəssüfləndirici və heyranedici ardıcılıqla" xəbər mənbələrini qiymətləndirməkdə uğursuz olmalarından "şoka" düşdüklərini deyiblər.
Pul və təbliğat
Bəzi saxta xəbər saytlarının sahibləri saytlarından kifayət qədər qazanc əldə etdiklərini bildiriblər.
ABŞ seçkilərindən sonra bir çox saxta xəbər saytının sahibi Paul Horner, Washington Post qəzetinə müsahibə verərkən, saytlarından hər ay 10 min dollar qazandığını demişdi.
Aprel ayında dərc edilən məqalədə, Buzzfeed News saytı, apardığı araşdırmada Google AdSense, Revcontent və Content.ad kimi nəhəng reklam şəbəkələrinin saxta xəbər saytlarında hələ də reklamlar nümayiş etdirdiklərini aşkara çıxardığını deyib.
BBC Business bu reklamlarının gəlirinin nəinki, sayt sahibləri, həm də böyük media təşkilatlarına gəlir gətirdiyini deyir. Lakin Facebook və Google saxta xəbərlərin yerləşdirildiyi səhifələrə reklamlar yerləşdirməyəcəklərini vəd ediblər.
Bəziləri isə saxta və ya yanlış xəbərlərin yayılmasında siyasi məqsədlərin güdüldüyünü deyirlər.
Oxford İnternet İnstitutu/ Oxford Internet Institute (OII) ABŞ, Rusiya, Ukrayna, Almaniya, Kanada, Çin, Tayvan, Braziliya və Polşada sosial şəbəkələrin istifadəsinə dair apardığı tədiqat nəticəsində seçkilər zamanı hər ölkədə botlardan istifadə edilərək təblığat və ya saxta xəbərlərin geniş yayılması üçün istifadə edildiyini deyib.
Botlar bir neçə tapşırığı ardıcıl şəkildə təsbit edən proqramlardır. Fərqli botlar mürəkkəbliklərinin dərəcəsində bir-birindən fərqlənirlər. Bəziləri sosial şəbəkələrdə mövzuların trendə çevrilməsinə qadirdirlər, digərləri isə tənqidi şərhləri müsbət şərhlər və ya digər üsullarla "boğmağı" bacarırlar.
Ötən ilin noyabr ayında, Washington Post qəzeti bir sıra azad tədqiqat təşkilatlarının araşdırmalarının nəticələrini təqdim edərək, 2016-cı il ABŞ prezident seçkiləri ərəfəsində Rusiya hökumətinin Hillary Clinton barədə saxta xəbərlərin yazılması və yayılmasında Kremlin idarə etdiyi bot şəbəkələrinin istifadə edildiyi deyilir.
Rusiya bu iddiaları rədd edir. Buna baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova daxil olmaqla, bir çox yüksək vəzifəli Rusiya rəsmiləri və siyasətçiləri Rusiyanın Qərblə "informasiya müharibəsi"ndə olduğunu ifadə ediblər.
Saxta xəbərlərə qarşı səylər nəticə göstərirmi?
Buzzfeed saytının apardığı təhlildə saxta xəbərlərə qarşı indiyədək tətbiq edilən addımların kifayət qədər təsiri olmadığı nəticəsinə gəlinib.
Araşdırmada, rəqəmsal reklam sənayesinin saxta xəbərlərlə mübarizə aparmaq çağırışlarına baxmayaraq, bir çox reklam şəbəkələri, saxta xəbər mənbələrinin saytlarında reklam yerləşdirməyə davam ediblər.
Lakin Facebook, şəbəkədə yayılan və saxta olduğu iddia edilən paylaşmaları yoxlamağa başlayıb və təsdiqlənməmiş paylaşmaların altında qırmızı başlıqla xəbərdarlıqlar qoymağa başlayıb.
Saxta xəbər saytlarının sahibi Paul Horner USA Today saytına bu səbəbdən onun gəlirlərinin azaldığını bildirib.
Buzzfeed saytı da araşdırdığı 107 saxta xəbər saytının 62-nin ən azı bir reklam şəbəkəsindən reklamlar daşıdığını və 29 səhifənin iki və daha çox şəbəkələrin reklamlarını daşıdığını aşkar edib.
Lakin digər 45 saytdan 28-i artıq fəaliyyət göstərmir, biri isə artıq saxta xəbərləri paylaşmır, Buzzfeed bildirib.
Nəticələrə görə, saxta saytlarda ən çox istifadə olunan reklam şəbəkəsi Revconent-dir. İkinci yerdə isə Google Adsense-dir.
Buzzfeed Google ilə əlaqə saxladıqdan sonra, şirkətin sözçüsü bu saytların yoxlandığını, onlardan beşində reklamların dərhal çıxarıldığını, digərlərinin isə satirik xəbər saytı olduqlarını ifadə etdikləri üçün başqa tədbirlər görməyəcəyini bildirib.
Maarfiləndirmə cəhdləri
ABŞ və digər ölkələrdə saxta xəbərlərə qarşı mübarizə aparmadığına görə tənqid edildikdən sonra, Facebook başqa təşkilatlarla birlikdə şəbəkədə paylaşılan linklərin yoxlanmasına razılıq verib.
Lakin bununla yanaşı, şirkət həmçinin insanları marifləndirmək üçün səylər də göstərib.
İlk dəfə Britaniya parlament seçkiləri ərəfəsində yerli qəzetlərdə reklam alaraq tövsiyə yerləşdirən sosial şəbəkə, bu üsulu avqustun 8-i üçün planlaşdırılan Kenya prezident və parlament seçkiləri ərəfəsində də təkrarlayıb.
Tövsiyələrin bəziləri:
- Məlumatın yerləşdirildiyi səhifənin ünvanını yoxlayın
- Şəkillərin və məqalələrin tarixinə baxın
- Xəbərin mənbələrini araşdırın
- Diqqətçəkən başlıqlara bir qədər skeptik yanaşın
- Arqumentləri və iddiaları sualsız qəbul etməyin
- Oxuduğunuz məlumatın yumor doğurduğunu və ya satirik olub-olmadığına diqqət verin
- Digər mənbələrdən də məlumat alın
Bəs Azərbaycan-İsrail barədə saxta xəbərinin məqsədi nə olub?
Qeyd edildiyi kimi, səhifənin rəsmi qeydiyyat sənədlərində, saytı alan şəxsin qeyd edilən adının saxta olduğuna böyük ehtimal var.
John adı ilə təsvir edilən sahibin soyadı və yaşadığı küçənin eyni olduğu- Edward Taylor - deyilir və ABŞ-da yerləşdiyi qeyd olunub.
İngiliscə yazılışının keyfiyyətinin aşağı səviyyədə olduğu üçün, ingiliscənin yazını hazırlayan şəxsin ana dili olmadığı gümanı yaradır.
Lakin bundan başqa dəqiq ehtimallar etmək çətinləşir.
Xəbərin yerləşdirilməsinin məqsədi tamamilə aydın olmasa da, nəticəsi aydındır - İsrail və Azərbaycan əlaqələrinə müvəqqəti xəsarət təhlükəsinin yaranması və Azərbaycan prezidentinin ailə üzvlərinə qarşı saxta iddialarının yayılması.