İspaniyanın “Real Madrid” və “Barselona” klubları 2013-cü ildən bəri yeni futbolçuların alınması üçün 500 milyon avrodan çox vəsait xərcləyiblər.
“Report”un “Marca”ya istinadən verdiyi xəbərə görə, paytaxt təmsilçisi heyətin gücləndirilməsi üçün 505,7 milyon avro sərf edib.
“Kral klubu”nun ən bahalı transferləri uelsli Qaret Beyl (91 mln.), kolumbiyalı Xames Rordriqes (75 mln.) və braziliyalı Vinisius Junior (45 mln.) olub. Sonuncunun hazırda 16 yaşı var və Braziliyanın “Flamenqo” klubunda çıxış edir. O, 2019-cu ildə “Real Madrid”ə qoşulacaq.
“Barselona” bugünlərdə braziliyalı Paulinyonu Çinin “Quançjou Everqrand” klubundan 40 milyon avroya almaqla transfer xərcini 509,1 milyona qaldırıb və “Real Madrid”i qabaqlayıb. Kataloniya təmsilçisinin ən bahalı transferləri isə braziliyalı Neymar və uruqvaylı Luis Suaresdir.
Hazırda dünyanın ən bahalı transferi Neymardır. O, 222 milyon avro qarşılığında “Barselona”nı Fransanın PSJ klubuna dəyişilib.