Danimarkanın paytaxtında "Kopenhagen" komandasına məğlub olmasına baxmayaraq mərhələ keçən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İdman Azərbaycan telekanalına oyunla bağlı təəssüratlarını açıqlayıb.
Abzas.net xəbər verir ki, Qurban Qurbanovun sözlərinə görə, tək komanda yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Baş məşqçi hər kəsi, bütün azərbaycanlıları təbrik edib.
Qurbanov Azərbaycan, eləcə də Qafqaz futbolunda tarix yazmaqlarını belə şərh edib:
“Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.
Baş məşqçi yeni transferlər haqqında da açıqlama verib. Bildirib ki, transfer mütləq etmək istəyirlər.
"Çalışırıq ki, heç olmasa, 1-2 oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.
Xatırlatma"Qarabağ" klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Kopenhagen”ə 1:2 hesab ilə məğlub olmasına baxmayaraq, səfər qolunun hesabına mərhələni keçdi və tarixdə ilk dəfə Çempionlar Liqasına çıxan Qafqaz komandası oldu.
Bakının Tofiq Bəhramov Stadionunda keçirilən ilk oyunda "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanmışdı.