“Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası "Turan” İnformasiya Agentliyinə açılan cinayət işi ilə bağlı bəyanat yayıb.
Abzas.net-in məlumatına görə, bəyanatda deyilir ki, “Turan” İnformasiya Agentliyi “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının əsas media partnyorlarından biridir. “Turan” İnformasiya Agentliyi MSŞA QHT Koalisiyasının fəaliyyəti dövründə onun dövlət orqanlarının və mədən sənayesi şirkətlərinin şəffaflığı və hesabatlığına dair rəylərini və analitik tədqiqatlarının müntəzəm dərc etməklə yanaşı, ölkədə müstəqil vətəndaş cəmiyyətin gücləndirilməsi sahəsində təşəbbüsləri də daimi dəstəkləmişdir.
QHT koalisiyası bildirir ki, “Turan” İnformasiya Agentliyi bu sahədə davamlı fəaliyyəti ilə həmişə, anti-korrupsiya, şəffaflıq və hesabatlılıq kimi yaxşı idarəetmə prinsiplərinə hörmətini, həmçinin dövlət orqanlarının bu sahədəki nöqsanlarına həsr olunmuş yüzlərlə analitik yazı dərc edərək, özünün qanunun aliliyinə və bu dəyərlərə sadiqliyini dəfələrlə nümayiş etdirib.
"MSŞA QHT Koalisiyası Şurası 18 avqust 2018-ci il tarixli 178-ci iclasında Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin "Turan" İnformasiya Agentliyində apardığı axtarışdan sonra yaranmış vəziyyəti müzakirə edərək, narahatçılığını bölüşməyi qərara alıb. MSŞA QHT Koalisiyası Vergilər Nazirliyinin cinayət işi açmasını sifarişli hesab edir, müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirir".
MSŞA QHT Koalisiyası hesab edir ki, "Turan" informasiya agentliyi Azərbaycan media tarixində önəmli yer tutan, peşəkar və qərəzsiz fəaliyyəti ilə müxtəlif mövqelər arasında balansı gözləyən müstəqil informasiya mənbəyi kimi uzun illərin sınağından çıxaraq hazırkı maliyyə çatışmazlığı və çətinliklər şəraitində daimi sifətini qoruyan oxucuların rəğbətini qazanan azsaylı media instututudur.
"MSŞA QHT Koalisiyası Şurası Azərbaycanda mövcud hakimiyyət alternativ fikrə, müstəqil düşüncəyə, analitik şərhlərə və mövqelərə qarşı amansız və dözümsüz mövqeyindən təəssüfləniyini bildirir. Odur ki, MSŞA QHT Koalisiyası hakimiyyəti "Turan" informasiya agentliyinə, bütövlükdə müstəqil mətbuata qarşı təzyiqləri dayandırmağa, şəffaflıq və hesabatlıqla bağlı vətəndaş cəmiyyətinin təşəbbüslərini dəstəkləməyə çağırır", - deyə bəyanatda deyilir.