"Qarabağ Dövlət Universiteti ideyası üzərində üç ildən artıqdır ki, çalışıram. Layihə tam şəkildə incəliklər nəzərə alınmaqla işlənib"
Bu sözləri Abzas.net-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsəsdov deyir ki, hal-hazırda Azərbaycanda 50-dən çox universitet fəaliyyət göstərir. Lakin beynəlxalq reytinq cədvəlində tutduqları mövqeləri heç də yaxşı deyil.
"Qarabağ Dövlət Universiteti layihəsi çərçivəsində ilkin mərhələdə 4 min tələbə qəbulu nəzərdə tutulur. Onların min nəfəri Azərbaycan vətəndaşı, 3 min nəfər isə xarici ölkələrin vətəndaşları. Bu layihənin ilkin olaraq hədəfi Azərbaycanın dünya reytinqində yüksək səviyyədə olacağı universitetinin yaradılması, ikincisi isə Azərbaycanın tarixi torpağı olan Qarabağın hüquqi sənədlə, onların qəbul edəcəyi yolla təbliğatıdır.
Bu gün Amerika, Avropa insanı siyasətçiləri dinləmir, onlarla maraqlanmır. Onlar istirahət edir, rahat həyat tərzi sürürlər. Biz təbliğatımızı məhz onların qəbul edəcəyi, anlayacağı formada həyata keçirilmək lazımdır. Son 4 ildə Qarabağ futbol klubunun Avropa çempionatında iştirak etməsi Qarabağın təbliğatı baxımından heç də bizim diplomatik fəaliyyətdən az rol oynamayıb", - deyə K.Əsədov bildirib.
Ekspert deyir ki, təklif etdiyim lahiyədə universitetin auditoriyalarının hər biri işğal olunmuş ərazilərin adı ilə adlandırılıb tam şəkildə o ərazinin abu havası yaradılacaq.
"Məsələn, Şuşa auditoriyası elə dizayn olunacaq ki, ora daxil olan şəxs özünü tamamilə orda hiss edəcək. Eyniylə digər rayonların adı ilə adlandırılan auditoriyalar. Bundan başqa Qarabağla bağlı tanınmış şəxslərin də adına auditoriyalarının təşkili layihədə öz əksini tapıb. Qarabağ Dövlət Universitetinin yerləşdiyi ərazi kimi ilkin olaraq Azərbaycanın Mərkəzi bölgələri nəzərdə tutulur. Düzdür, daha çox üstünlük məhz bu Universitetin Ağdam, Füzuli, Tərtər rayonlarında fəaliyyət göstərməsi düşünülür, lakin bu ərazilərə xaricdən tələbə cəlb etmək çətindir" - deyə təhsil eksperti bildirib.
Onun sözlərinə görə, universitetin qəbul aparılacaq ixtisasları daha çox yerli əmək bazarı üçün nəzərdə tutulmur. Bununla bərabər universitetin nəzdində kollec və peşə təhsili nəzərdə tutulur ki, burda da Qarabağ mətbəxi ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır.
"Universitetin yerli publika üçün ixtisasları daha çox hərbi hazırlıq, mülki müdafiə kimi ixtisaslar üzrə aparılması layihədə əks olunub. Tədris olunacaq fənlər arasında Qarabağ tarixi, Qarabağ mədəniyyəti kimi fənlər məcburi fənlər kimi təqdim olunub. Layihədə tam şəkildə hazırdır, yalnız iqtisadi və siyasi dəstək vermək lazımdır. Bu Azərbaycan üçün mükəmməl və mühüm əhəmiyyət kəsb edir", - deyə layihəni hazırlayan təhsil eksperti Kamran Əsəsdov sonlandırıb.