Prezident 'fındıq müşavirəsin'də: 'Anti-milli AXC-Müsavat ölkəmizi məhvə aparırdı'

Prezident 'fındıq müşavirəsin'də: 'Anti-milli AXC-Müsavat ölkəmizi məhvə aparırdı'
4 Avqust 2017
Mətni dəyiş

Prezident İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafına dair Qaxda respublika müşavirəsi keçirib. Bu barədə president.az məlumat yayıb. 

Abzas.net xəbər verir ki, müşavirədə çıxış edən prezident İlham Əliyev 1992-1993-cü illərdə Azərbaycanın tənəzzüllə qaşılaşdığını və ölkənin məhvə doğru getdiyini bildirib:

“Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi demək olar ki, çox ağır vəziyyətdə idi".

Prezident çıxışında Cəbhə hakimiyyətindən də danışıb. Deyib ki, həmin dövrdəki hakimiyyət ölkəni məhvə aparırdı.

"AXC-Müsavat cütülüyü kənd təsərrüfatını tənəzzülə uğratdı"

"Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin".

İlham Əliyev Azərbaycanı yenidən sabit vəziyyətə Heydər Əliyevin gətirdiyini bildirib:

“Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu".

"Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı"

Prezident, yalnız təhlükəsiz vəziyyətə gətirildikdən sonra, ölkəyə investisiya cəlb etməyin mümkün olduğunu bildirdi:

"O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və biz bu məqsədə nail olduq. “Əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdır".

İlham Əliyev bildirib ki, eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar bu sahənin inkişafına imkan yaradıb.

"Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun