Oğlunu itirən ana: “Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”

Oğlunu itirən ana: “Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
8 Avqust 2017
Mətni dəyiş

Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen”in törətdiyi qəzada həlak olan Mehdi Əliyevin anası Nazilə Əliyeva olke.az-a müsahibə verib. 

– Hadisədən necə xəbər tutdunuz? 

– Gəlinim xəbər verdi. İnternetdə yazılanda ki, qəzaya uğrayan avtomobili Mehdi Əliyev idarə edirmiş, ölümü görüb qayıtdım. Ancaq əmin idim ki, Mehdi heç zaman maşını elə sürətlə sürməz. Oğlum harın uşaq deyildi, o zəhmətlə böyümüşdü, ali təhsilli idi, hərbi xidmətdə olmuşdu. Oğlumu tanıyan adamlar onun qanacağından bəhs edərdilər.

Digər tərəfdən isə maşın oğlumun deyildi. O heç zaman əmanət edilən maşını sürətlə sürməzdi. Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim. Onu, özümü qınayıb deyirdim ki, axı nə üçün bərk sürmüsən? Utandığımdan insanların üzünə baxa bilmirdim. Ancaq iki gün sonra məlum oldu ki, sükan arxasında oturan adam oğlum olmayıb, bir az ürəyim toxtadı. Düşündüm ki, mənim balam təqsirkar deyil.

"Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib” – Əli Həsənov və ailəsindən kimlər sizə başsağlığı verib? 

– Doğrudur, hadisə baş verən günün səhərisi Nail Allahverdiyevin atası və ya qohumları maraqlanmışdı. Oğlumun cənazə işlərinə də köməklik göstərirlər. Ancaq bütün bunlar mənə təsəlli verə bilməz. Mən anayam və sağ-salamat igid oğlumu itirmişəm. Cəmi bir oğlum var idi, ailəmizi o dolandırırdı. Mən oğlumu istəyirəm. Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib. Çox istəyirdim ki, Nailin anası gəlib mənimlə görüşsün. Çox istəyirdim ki, anası gəlib görsün mən nə əzablar çəkirəm. Mənə onların heç nəyi lazım deyil, oğlumu geri qaytarsınlar.

"Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu”

Mənə Əli Həsənovun heç nəyi lazım deyil, Nail Allahverdiyevə hansı cəzanın verilməsi mənim üçün əhəmiyyətli deyil, mənə oğlum lazımdır. Lap istəyirlər, sabah Naili azadlığa buraxsınlar, bu məni zərrə qədər də maraqlandırmır. Mən oğlumu istəyirəm. Guya sabah onu azadlığa buraxmayacaqlar? Lap indi açıb buraxsınlar, amma mənim oğlumu qaytarsınlar. Onların mənə heç nəyi lazım deyil. Onun körpə balası yetim qalıb. Bir oğlum var idi, onu min zəhmətlə atasız, müəllimə maaşımla böyütmüşəm. Ailədə bizə baxan yeganə adam idi.

– Oğlunuz Nail Allahverdiyevlə necə tanış olmuşdu?

– Oğlum onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlumun birdən-birə varlı bir ailə ilə tanışlığı da sırf işlə bağlı olub. Daha harın həyat tərzi yaşamaq üçün getməmişdi. Oğlum hərdən mənimlə söhbətində də deyirdi ki, mən ora sırf işə üçün getmişəm, ailəmizi dolandırmaq lazımdır. Təqribən bir ilə yaxın idi ki, onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlum ağıllı, qanacaqlı övlad idi. Rəhmətlik haqqında heç kəs bir kəlmə də pis söz deyə bilməz. Bütün məhlə onun qanacağına bələd idi. Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu. Heç körpə balasını doyunca görə bilmədi. Onun bütün amalı ailəsi və körpə balası ilə bağlı idi. Oğlum ancaq bunun üçün yaşayırdı.

"Astan Şahverdiyev yalan danışdığına görə utanıb yerə girsin!”

Özü əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək. Atasını itirəndə Mehdinin 15 yaşı vardı. Həyat yoldaşım xəstə olduğu üçün onun ölümünü birtəhər qəbul etmişdik. Ancaq sağ-sağlam oğlumun ölümünü qəbul edə bilmərəm. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs deyirəm, aldığım maaş çox azdır. Oğlum işləyib qazanıb bizi dolandırırdı. Evin kişisi o idi. Ona görə də özünü oda-közə vururdu. Evə qazanc gətirmək üçün bütün zəhmətə qatlaşırdı.

– Hadisə törədilən vaxtı deputat Astan Şahverdiyev oğlunuzu təqsirli bilərək, sükan arxasında rəhmətlik Mehdi Əliyevin olduğunu iddia etmişdi. Bütün bunlardan xəbəriniz vardımı?

– Gərək o deputat yalan danışdığına görə utanıb yerə girsin! Heç nədən utanmırsa, heç olmasa yalan danışmasın. Yalan danışmaqdan qorxmursa, Allahın qəzəbindən qorxsun. Mən o iki gündə nə əzablar çəkmişəm, bunu Allah bilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun