Nazirliklər və prokurorluq hərbi hissədəki partlayışla bağlı birgə məlumat yayıb

Nazirliklər və prokurorluq hərbi hissədəki partlayışla bağlı birgə məlumat yayıb
27 Avqust 2017
Mətni dəyiş

Bu gün səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunublar.

Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb.

Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanmış, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun