"Artıq 1 il tamam olmuşdu. Hakimiyyətin qarşısında 2 seçənək var idi, ya yenidən həbs olunmalıydım, ya da işə xitam verilməli idi"
Bu sözləri Abzas.netə REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli deyib. Avqustun 28-i vəkili və Natiq Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılıblar. İstintaq idarəsində onlara Natiq Cəfərli ilə bağlı başladılmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar elan olunub. Eyni zamanda onun ölkədən çıxışına qoyulan qadağanın da ortadan qaldırılacağı bildirilib. Buna münasibət bildirən Natiq Cəfərli deyir ki, "Turan İA"nın rəhbəri Mehman Əliyevin həbsindən sonra hakimiyyət əlavə gərginlik yaratmaq istəməyib. Onun sözlərinə görə, Mehman Əliyev haqqında açılan qondarma cinayət işi və belə bir jurnalistin absurd ittihamlarla həbs olunması ciddi yerli və beynəlxalq reaksiyalara səbəb oldu. "Mehman Əliyevin həbsindən sonra mənim həbs olunmağım daha ciddi beynəlxalq təzyiq yaradardı. Hakimiyyətdə məni həbs etməməklə, əksinə, belə bir qərar verməklə həm də gərginliyi yumuşaltmağa çalışdı" - deyə N.Cəfərli bildirib. Natiq Cəfərli deyir ki, bütün hallarda onu yenidən həbs etmək üçün yeni maddələr verilməli idi, yeni ittihamlar oxunmalı idi. Onun sözlərinə görə, ona verilən maddələr Milli Məclisə təqdim olunan Cinayət Məcəlləsindəki bir çox maddələrin cəzalarının yumuşaldılması ilə bağlı qanun layhəsindən sonra daha da təsir qüvvəsini itirəcəkdi. Natiq Cəfərli deyir ki, 2018-ci il seçki ilidir, ancaq namizəd olaraq seçkilərdə iştirak etməyəcək. Hakimiyyət bunu da nəzərə alıb. "2018-ci ildə prezident seçkilərində namizəd olmayacam. Özümü prezidentliyə namizəd kimi görmürəm. Ancaq bütün hallarda REAL Hərəkatı iştirak edəcək. Hakimiyyət də mənim prezidentliyə namizəd olmayacağımı nəzərə alıb, həbsimdə məntiq gömədi. Dediyim kimi: 1 il bitmişdi, ya həbs edilməliydim, ya da cinayət işinə xitam verilməli idi. Hakimiyyət də indiki gərgin durumu nəzərə alıb ikinci varinatı seçdi" - deyə Natiq Cəfərli bildirib.N. Cəfərli ötən ilin avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılmışdı. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Onu Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirirdilər. Elə həmin il Sentyabırın 9-da Nəsimi rayon məhkəməsi N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar vermişdi. Natiq Cəfərli sərbəst buraxılmışdı.