Avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə növbəti məhkəmə iclası keçirilib.
“Mənə təsir edən odur ki, bizi İŞİD-çi kimi təqdim edirlər. Halbuki, mən Daxili Qoşunlarda hərbi xidmət vaxtı “Meşə qardaşları” dəstəsinə qarşı əməliyyatda iştirak etmişəm. İraqda ziyarətdə olanda İŞİD-çilər bizim olduğumuz maşını atəşə tutmuşdu. Həmişə İŞİD-in, terrorun əleyhinə çıxışlar etmişəm”, - 2015-ci ilin noyabrında Nardaranda yaşananlardan sonra həbs olunan İsa İbrahimovun sözləridir.
O, Nardaran hadisələrinə görə həbs edilən və dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və terror kimi ağır maddələrlə suçlanan 2-ci qrupun tərkibində mühakimə olunur. Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımov da 12 nəfərlik bu qrupun tərkibində hakim önünə çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Səkkiz aydır davam edən məhkəmədə şahidlərin dindirilmə mərhələsidir.
Avqustun 25-dəki məhkəmə iclasında 6 nəfər dindirilib. Onlardan ikisi DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub.
Şahidlərdən Tural Allahverdiyev Nardaran əməliyyatına görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun dostudur. Onun istintaqa ifadəsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və çevrəsindəkilərin dövlət çevrilişinə cəhd göstərməsi, çıxışlarında radikallığı, zorakılığı təbliğ etməsi yazılıb. Məhkəmədə belə ifadə vermədiyini, ifadənin onun adından yazıldığını və həqiqətə uyğun olmadığını deyən şahidin sözlərinə görə, o, Taleh Bağırovun, Elçin Qasımovun moizələrində zorakılığa meylli çağırışlar eşitməyib.
“Silahları polislər özləri qoyub, özləri də götürüblər”
DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev daha öncə də “Nardaran-2” məhkəməsinə çağırılsa da, təqsirləndirilən şəxslərlə onun arasında dava düşdüyündən, dindirmə yarımçıq qalmışdı. Bu üzdən məhkəməyə yenidən çağrılıb.
O, təqsirləndirilən şəxslərdən Vüsal Alışov, Nahid Qəhrəmanov və Ramil Əliyevin evində axtarışa qatıldığını, silah-sursat, “Taleh Bağırzadənin müraciəti” adlı kitabça tapdıqlarını deyib: “Vüsalın evindən 3 ədəd kitabça, 1 qumbara və 1 qumbara başlığı tapdıq. Ramil Əliyevin evindən 1 qumbara, 1 qumbara başlığı və 3 kitabça çıxdı. Nahid Qəhrəmanovun evindənsə lüləsi kəsilmiş tüfəng, 1 qumbara, 1 qumbara başlığı və 5 kitabça götürdük”.
Ramil Əliyev evinə silah-sursatı polisin qoyduğunu və polisin də götürdüyünü söyləyib. Evinə getməzdən əvvəl polis şöbəsində otaqların necə yerləşdiyini soruşaraq, ona mənzilin sxemini çəkdiriblər.
Təqsirləndirilən İsa İbrahimov da bənzər ifadə verib: “”Bandotdel”də general mənə dedi ki, “sən istəsən də, istəməsən də, evindən silah çıxacaq”. Axtarışda özüm də iştirak etmək istəyirdim, çünki həmin vaxt evdə yalnız həyat yoldaşım vardı, o da hamilə idi. Ceyhun İmamverdiyev məndən evin “çertyojunu” aldı. Əllərində bir torba vardı, onu evə qoydular, sonra da götürdülər”.
Ceyhun İmamverdiyev İsa İbrahimovun evində axtarışa qatılmadığını deyib. Ona iş yoldaşı Emin Səfərovun ifadəsi təqdim olunub. İfadədə yazılıb ki, İmamverdiyev də onunla birlikdə İsa İbrahimovun evindəki axtarışda olub.
“Deyirlər, siz bir səbət yumurtaya adam buraxdırmısınız”
Təqsirləndirilən Nahid Qəhrəmanov da yaşadığı evdən silah və kitabçaların çıxması haqda polisin söylədiklərini yalanlayıb. O danışarkən, məhkəmə zalında olan anası həmin gün evdə yaşananları hakimlərin diqqətinə çatdırmaq istəsə də, hakim Mayıl Bayramov anaya imkan verməyib. Hakimin sərt reaksiyası təqsirləndirilən şəxslərin etirazını doğurub. Məhkəmədə gərginlik yarandığından, bəzi müttəhimlər başını saxlandığı kabinənin şüşəsinə çırpıb.
Təqsirləndirilən şəxslərdən Elçin Qasımov hakimə üz tutaraq, iki ildir heç bir günahı olmadan həbsdə saxlanılan adamları qıcıqlandırmamağa çağırıb: “Bu insanlar iki ildir heç bir günahları olmadığı halda, ağır maddələrlə həbsdədir, əzizlərini görmürlər. Biz istəmirik ki, burada bizə, yaxınlarımıza nəsə olsun, gərginlik yaşansın. Ona görə sakitlik yaratmağa çalışırıq, sizsə belə edirsiniz. Mənim 32 yaşım var, bunu başa düşürəm, sizinsə 60 yaşınız var, başa düşmürsünüz? Bizə bundan o yana neyləyəcəksiz? Birimizdən şikayət etsəniz, hamımız etiraz edəcəyik ki, “kars”a salanda hamımızı salsınlar. Kürdəxanıda türmədə demişdilər ki, Mayıl müəllim yaxşı adamdır, bir səbət yumurtaya adam buraxdırır. Amma indi sizin elədiyinizə baxın..”.
Hakim Mayıl Bayramov:
- Otur yerinə, az danış.
Ardından məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin başqa bir əməliyyatçısı İslam Ağabəyov ifadə verib. O, təqsirləndirilən Əli Şahbazovu əməliyyat nəticəsində evində həbs etdiklərini deyib. Əməliyyatçı Şahbazov haqqında danışsa da, onu “Balabəy” adlandırıb. Bir neçə dəfə eyni hal təkrarlananda prokuror onun səhvini düzəltməyə çalışıb: “Yəqin ki, Əli Şahbazovu nəzərdə tutursunuz...”.
Prokurorun müdaxiləsinə vəkil Fariz Namazlı etiraz edib.
Əli Şahbazovsa deyib ki, yalandır, könüllü şəkildə "bandotdel"ə gedib, orada onun qarşısında şərt qoyulub: “Bir gün əvvəl atamı saxlamışdılar. Mənə dedilər ki, dörd qardaşsınız, biriniz boynunuza götürün, atanızı buraxaq. Mən razı oldum və guya evimizdə silah-sursat olması haqda ifadəyə qol çəkdim. Amma atamı da buraxmadılar”.
Əli Şahbazovun atası və özü ilə yanaşı, daha iki qardaşını da sonradan həbs ediblər.
Məhkəmə sentyabrın 8-də davam edəcək.