'Nə hökumətin, nə parlamentin, nə də Mətbuat Şurasının medianı qorumaq fikri yoxdur'

'Nə hökumətin, nə parlamentin, nə də Mətbuat Şurasının medianı qorumaq fikri yoxdur'
21 Avqust 2017
Mətni dəyiş

Avqustun 17-dən etibarən "infoaz.org" saytına ölkə ərazisində girişinin məhdudlaşdırıldığı deyilib. Lakin məhdudlaşdırılmanın səbəbi barədə məlumat verilməyib.

Saytın rəhbəri Namiq Cəfərlinin sözlərinə görə, saytın bloklanmasından bir gün sonra, avqustun 18-də prokurorluğa çağırılıb.

Saytların bloklanması Azərbaycanda bu ilin əvvəlindən geniş vüsət almağa başlayıb.

Martın sonundan ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.

Son həftələrdə bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.

Avqustun 19-da "İnfoaz.org" saytının redaktoru Namiq Cəfərli, həmçinin "Xural.com"un baş redaktoru Əvəz Zeynallı və "Aztoday.az" saytının baş redaktoru Elmidar Əliyev Baş Prokurorluğa çağırılıb.

Media azadlığına qarşı yönəlmiş açıq-aydın basqıdır

Media eksperti və hüquqşünas Ələsgər Məmmədli Toplum TV-yə açıqlamasında hadisənin qanunsuz olduğunu bildirib:

"Bu gün üç internet resursunun redaktorları – Namiq Cəfərli, Əvəz Zeynallı və Elmidar Əliyevin Baş Prokurorluğa çağırılması və ümumiyyətlə, sistemli şəkildə redaktorların prokurorluğa çağırılıb, xəbərdarlıq edilməsi birmənalı olaraq Azərbaycanda medianın üzərinə güc strukturlarının kifayət qədər ciddi şəkildə və əsassız olaraq gəlməsinin sübutudur. Bu hal, media azadlığına qarşı yönəlmiş açıq-aydın basqıdır. Əgər hüquq pozuntusuna dair məqam varsa, məsələ məhkəmədə mübahisələndirməlidir. Sistemli şəkildə jurnalistlərin prokurorluğa çağırılması, qorxudulması, xəbərdar edilməsi o deməkdir ki, həmin jurnalist müəyyən mövzulara toxuna bilməz və səhvetmə imkanı əldə edə bilməz".

Media eksperti deyir ki, jurnalist zaman-zaman nəyi isə doğru yazmaya bilər, buna görə məsuliyyət daşıyar, ancaq bunu məhkəmə qaydasında qanun müəyyən edir. Amma ortada heç nəyin olmadığı halda jurnalisti prokurorluğa çağırıb "belə yazma, belə yaz” deyilirsə, bu, birbaşa onun işinə müdaxilədir.

Güc strukturları sistemli şəkildə jurnalistlərin gözlərini qorxutmağa çalışır

"Təəssüf ki, Azərbaycanda bu hal son zamanlar geniş fürsət alıb və bununla bağlı nə ölkə rəhbərliyi tərəfindən bir yanaşma var, - konkret desək, siyasi hakimiyyət ölkədə medianın toxunulmazlığı ilə bağlı bəyanatlar verir, ancaq bu istiqamətdə bəyanat vermir, - nə də parlament bununla bağlı məsələləri gündəmə gətirir. Heç birinin medianı qorumaq fikri yoxdur. Nə də media ilə cəmiyyətin münasibətlərini tənzimləyən Mətbuat Şurası bu hallarla bağlı hər hansı şəkildə açıq narahatlığını ifadə edir. Bu da onu göstərir ki, güc strukturları sistemli şəkildə bu tip çağırışları ilə jurnalistlərin gözlərini qorxutmağa çalışır".

Ələsgər Məmmədli bildirib ki, bu cür hərəkətlər ifadə azadlığına qarşı yönəlmiş addımlardır və Konstitusiyanın 50-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ziddir.

Xatırlatma

Baş Prokurorluğun məlumatına görə, qurumda aparılan araşdırmalarla müəyyən edilib ki, "son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən "Aztoday.az”, "İnfoaz.org” və "Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb”.

Bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun