Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin 13 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini Elçin Əlicanov tərəfindən hədələnməsi ilə bağlı yayılan məlumata siyasi partiya liderləri də reaksiya verib.
Abzas.net xəbər verir ki, müxalifət partiyalarının rəhbərləri bu məsələdə hakimiyyəti qınayıb və aidiyyatı qurumlardan hadisə ilə bağlı ölçü götürməyi tələb ediblər.
Milli Şuranın sədri Cəmil Həsənli siyasi məhbus İlkin Rüstəmzadənin həyatının təhlükədə olduğunu bildirib.
"13 saylı cəzaçəkmə müəssisəndə təhdid olunması haqqında məlumat aldım. İlkinin atası Bəkir Rüstəmzadə zəng etmişdi, onunla görüşdən gəldiyini dedi. O, İlkinin sözlərinə istinadən bildirdi ki, 13 saylı cəzaçəkmə müəssisəsinə Elçin Əlicanov adlı yeni rəis müavini təyin edilib. Əvvəllər bu adam 2 və 17 saylı cəzaçəkmə müəssisələrində işləyib. Bəkir müəllimin sözlərinə görə Əlicanov İlkini təhdid etməklə öz vəzifəsinin icrasına başlayıb".
C.Həsənlinin sözlərinə görə, rəis müavini İlkin Rüstəmzadəni hədələyib ki, o, prezidenti söyüb və həbsxanadan salamat çıxmayacaqsan.
"Doğrusu, Mehman Qələndərovun müəmmalı intiharı, Abbas Hüseynin çarmıxa çəkilməsindən sonra Azərbaycan həbsxanalarında hər şey baş verə bilər".
Xalq qəhrəmanlarını unutmadığı kimi, cəlladları da unutmayacaqMüsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu gün irticanın hədəfində İlkin Rüstəmzadədir.
"Soljenitsının kitablarından, sovet dövrü dissidentlərinin xatirələrindən oxuyurduq ki, siyasi məhbusun azadlığa çıxması ərəfəsində bir təxribat törədib həbs müddətini uzadırdılar, həbs düşərgələrində və ya kameralarda məhv edirdilər. Bu gün həmin hadisələri yaşayırıq".
Müsavat başqanı deyib ki, siyasi məhbuslar azadlığa buraxılmır, rəislər onları məhv edəcəkləri ilə hədələyir. Belə görünür ki, uzun illər 1937 ci il nifrət və ikrah hissi ilə xatırlandığı kimi 2017-ci il də həmin duyğularla xatırlanacaq.
"Xalq qəhrəmanlarını unutmadığı kimi, cəlladları da unutmayacaq", - deyə Arif Hacılı bildirib.
Konstitusiya və “Quran”a and içmiş İlham Əliyev hara baxır?
AXCP sədri Əli Kərimli də İlkin Rüstəmzadənin həbsdə təzyiqlə üzləşməsindən danışıb və hər kəsi ona dəstək olmağa çağırıb:
“Azərbaycan dövləti ləğv olunub? Bu ölkədə artıq insanın başqasını ölümlə hədələməsi cinayət sayılmır? Bu dövlət ləğv olunmayıbsa, ölkədə hüquq varsa, niyə prokurorluq ölümlə hədələmə faktına görə cinayət işi başlamayıb? Milli Məclis niyə bu dəhşətli hadisəyə göz yumur? Bəs Konstitusiya və “Quran”a əl basıb hər bir vətəndaşın hüquqlarını qoruyacağına and içmiş İlham Əliyev hara baxır?
Əli Kərimli deyib ki, gənc siyasi məhbus, “Əsgər ölümlərinə son!” mitinqinin təşkilatçısı İlkin Rüstəmzadəyə hamılıqla dəstək olunmalıdır. İlkin bəy çirkin təxribatla üzləşib. Konkret adları məlum olan vəzifəli şəxslər onu ölümlə hədələyirlər.
"İlkin özü bu barədə ictimaiyyətə müraciət edib. Xalq olaraq bu fədakar və cəsur gəncə sahib çıxmağı bacarmalıyıq", - deyə AXCP sədri bildirib.
Hüquq-mühafizə orqanları özbaşınalıqlara niyə göz yumur?
Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli deyib ki, siyasi məhbusların həyatı ilə bağlı birbaşa hakimiyyət və İlham Əliyev məsuliyyət daşıyır.
"Artıq neçənci dəfədir siyasi məhbuslara işgəncələr verilir, onları ölümlər hədələyirlər hətta həbsxanalarda müəmmalı ölümlər baş verir. Amma illuziyalarında arxasınca qaçan prokurorluq əməkdaşları bu məsələlərlə bağlı vəzifələrini yerinə yetirmirlər. Müxalifətçilərin statuslarını lupa ilə izləyən hüquq-mühafizə orqanları niyə konkret cinayət motivi olan əməlləri araşdırmır?"
N!DA İdarə Heyətinin üzvü deyib ki, artıq neçənci dəfədir 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavinin adı işgəncə hadisələrində, ölümlə hədələmədə hallanır.
"Bundan əvvəl Bayram Məmmədova işgəncə verilməsi ilə bağlı prokurorluğa və məhkəməyə də vəkillər tərəfindən müraciət olunub, amma hüquq-mühafizə orqanları bu özbaşınalıqlara göz yumub. Bu özbaşınalıqlara göz yummaq aidiyyatı strukturların vəzifələrini yerinə yetirə bilməməsinin sübutu və səriştəsizliyin göstəricisidir", - deyə Ülvi Həsənli bildirib.