Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynova işgəncə verildiyi bildirilir

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseynova işgəncə verildiyi bildirilir
9 Avqust 2017
Mətni dəyiş

Müsәlman Birliyi Hәrәkatının üzvü, Nardaran mәhbusu Abbas Hüseynova dəhşətli işgəncələr verildiyi bildirilir.

"Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.

Bu sözləri Abbas Hüseynov vəkili Yalçın İmanova deyib. Vәkil avqustun 8-də Qobustan Həbsxanasında saxlanılan Abbas Hüseynovla görüşüb.

Abbas Hüseynov vəkilə bildirib ki, ona verilən işgəncələr zamanı şəxsən Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərov, həbsxana əməkdaşları İlkin Axundov, Namiq Ağayev, Rövşən, İqbal və adlarını bilmәdyi digər şəxslər iştirak edib.

O, 20 iyulda Bakı Apellyasiya Məhkəməsində baş verənlərdən sonra Bakı İstintaq Təcridxanasına qaytarıldığını və 7 gün "kars" cəzası aldığını deyib. Lakin 2 gün sonra - iyulun 22-də günorta saatlarında “Nardaran işi” üzrə təqsirləndirilən Cabbar Cabbarovla Qobustan həbsxanasına köçürülüb:

“İyulun 22-i günorta namazından sonra gətirildik Qobustana. Salam verən kimi həm Cabbarın, həm də mənim əllərimizi arxadan qandalladılar, yerlə üzüstə sürüyə-sürüyə apardılar. Cabbar, mən, bir də başqa bir dustaq vardı. Üzümüzü divara yapışdırıb, günün istisində üzü divara saxladılar. Mən bizim hüquqlarımızın olduğunu deyəndə, onlar “bura Qobustandır” cavabını verdilər. Sonra Rövşən adlı həbsxana əməkdaşı dedi ki, “bu, çox danışır, bunu başa salın”. Sonradan adının Axundov İlkin Ruslan oğlu olduğunu öyrəndiyim gizir “dubinka”yla kürəyimə zərbələr endirməyə başladı. Məni “dubinka” ilə döyəndən sonra “kars”a atdılar”.

Onun sözlərinə görə, “kars” müddəti iyulun 25-də başa çatsa da, iyulun 29-a qədər "kars"da saxlanılıb: “"Kars"da vəziyyət dəhşətlidir, yerdə iri soxulcanlar gəzir, soxulcanlar unitazın böyür-başından çıxır, hər yer natəmizdir, “prostina” kirdən qaralıb. Mən nəzarətçidən xahiş elədim ki, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər”.

Abbas Hüseynov deyib ki, iyulun 25-də həbsxananın mayor rütbəli Namiq Quliyev adlı əməkdaşı yumruqla mədəsindən və çənəsindən vurub: "Dedi ki, elə eləmə, səninlə başqa cür davranaq, toz vuraq sənə, “dubinka” dustağın ayrılmaz dostudur. Mən ona qanunsuz hərəkətlərindən şikayət edəcəyimi dedim , o isə “hara istəyirsən, get şikayət elə” dedi. Əvəzində guya həbsxana əməkdaşlarını təhqir iddiası ilə mənim barəmdə akt tərtib edildi".

O, həbsxanada olduğu 17 gün ərzində müxtəlif bəhanələrlə, heç bir əsas olmadan barəsində 4 töhmət qərarının verildiyini deyib.

Bildirib ki, onu iyulun 26-da günorta saatlarında rəislə görüşdürülmək adı ilə "kars"dan çıxarıb, həbsxananın həyətindəki dəmir dirəyə bağlayıblar: “Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım. Əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Məni dirəyə bağlayan həbsxananın İqbal və Rövşən adlı əməkdaşları idi. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb, yenidən "kars"a saldılar”.

Onun sözlərinə görə, iyulun 29-u “kars”ın müddəti bitsə də, onu yenidən karsa qaytarıblar, bunu onunla əsaslandırıblar ki, karantində yer yoxdur.

Abbas Hüseynov iyulun 29-da ilahiyyatçı Tale Bağırzadənin Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına gətirildiyini deyib. O, bildirib ki, ilahiyyatçı ilә yanaşı kamerada qaldığından, onun səsini eşidib. Havanın isti olması səbəbiylə Tale Bağırzadənin vəziyyəti pisləşib, bu zaman ilahiyyatçı və yanındakı dustaq nəzarətçidən həkim çağırmağı xahiş edib. Ancaq nəzarətçi İlkin Axundov həkim çağırmaq əvəzinə Talehi söyməyə başlayıb: “Biz də Cabbarla buna etiraz elədik, digər dustaqlar da buna etiraz etdilər. Biz hacının təhqir edilməsinə etiraz olaraq, aclıq edəcəyimizi və həbsxana rəisinin bizi qəbul edib, dinləməsini, hacını təhqir edən nəzarətçi İlkin Axundovu cəzalandırmasını istədik. Səhəri gün məlum oldu ki, hacını “kars”a salıblar. Cabbar artıq korpusa köçürüldüyündən mən karantində tək qaldım. Rövşən və Namiq adlı həbsxana əməkdaşları məni “Tubzon”a göndərməklə hədələdilər. Həbsxanaya gəldiyimdә və dəmir dirəyə bağlandığımda məni gün vurduğundan həkim tələb etdim, ancaq həkim gəlmədi və heç bir tibbi yardım göstərilmədi”.

Abbas Hüseynov vəkilə deyib ki, avqustun 5-də ona karantin müddətinin bitdiyi, kameraya köçürüləcəyi və rəisin onu qəbul edəcəyi deyilib: “Rəis Aftandil Ağayev məni qəbul etdi. Mən ona dedim ki, Aftandil müəllim, burda qanunsuzluqlar var, istəyirəm bu barədə sizə deyim. Aftandil Ağayev dedi ki, sən kimsən ki, mənə nəsə deyəsən, səni qəbul edim. Mən ona baş verən qanunsuzluqları ictimailəşdirəcəyimi dedim. Aftandil Ağayev dedi ki, “burda hüquqlar bitir, səni də, sənin vəkillərini də... Bura Qobustandır, ağzının danışığını bil”. Bunu deyə-deyə durub cumdu üstümə. Rəisin yanında Emin adlı müavini və daha 2 nəfər həbsxana əməkdaşı vardı. Əllərim qandallı idi. Yanımdakılar badalaq verib, məni yerə yıxdılar, rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Mən dedim ki, nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis yenidən “dubinka”yla yerdə mәni döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka "kars" cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.

Vəkil Yalçın İmanov deyir ki, Abbas Hüseynovn bədənində - kürəklərində, ayaqlarında, arxadan beldən aşağı hissəsində, dizlərində çoxsaylı qançır və xəsarət izləri var, əl və ayaq biləklərində qandalın izləri qalıb. O, həbsxnada qarşılaşdığı işgəncələrlə bağlı 5 gün aclıq aksiyası keçirib, Tale Bağırzadə isə Abbas Hüseynə olan haqsızlıqlar səbəbindən 2 gün, özünün qanunsuz olaraq “kars”a salınmasına görə, 4 gün (cəmi 6 gün) aclıq elan edib.

İmanovun sözlərinə görə, Abbas Hüseynov döyülmə və işgəncələrdən çətinliklə yeriyir, ayağının biri axsayır, otura bilmir.

Vəkil Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalması ilə bağlı avqustun 9-da Baş Prokurorluğa şikayət edəcəyini bildirib.

Vəkil Abbas Hüseynovun kars müddətinin avqustun 13-də başa çatacağını da deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun