"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Abzas.net xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, şikayət Yasamal Rayon Məhkəməsinin qərarından verilib.
XATIRLATMA
Mehman Əliyev avqustun 24-də saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra isə, daha bir maddə artırılaraq, Cinayət məcəlləsinin 192.2 (Qanunsuz sahibkarlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb Yasamal Rayon Məhkəməsinə aparılıb.
Yasamal Rayon Məhkəməsi Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Avqustun 25-i Mehman Əliyevin rəhbərlik etdiyi Turan İnformasiya Agentliyi bəyanat yayaraq, sentyabrın 1-dən etibarən fəaliyyətini qeyri müəyyən müddətə dayandıracağını bildirib.
Avqustun 16-sı Vergilər Nazirliyi tərəfindən Turan İnformasiya Agentliyinin ofisində axtarış aparılmışdı.
Jurnalistlər və hüquq müdafiəçiləri baş redaktorun həbsini Azərbaycanda söz və mətbuat azadlığına növbəti basqı kimi qiymətləndirirlər.