Məleykə Abbaszadə: “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”
Azərbaycanda test imtahanları ləğv edilir. Bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib. Onun sözlərinə görə, gələn il abituriyentlər sonuncu dəfə test imtahanı verəcəklər:
“Gələnilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir”.
M.Abbaszadə deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək.
Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır:
“Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.