Yasamal rayon məhkəməsi 'Turan' İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barədə 3 ay həbs qətimkan tədbiri seçib.
Abzas.net xəbər verir ki, proses hakim Azər Tağıyevin sədirliyi ilə baş tutub.
Mehman Əliyev avqustun 24-də saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılmışdı. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Bir neçə saat öncə isə, Mehman Əliyevə Cinayət məcəlləsinin 192.2 (Qanunsuz sahibkarlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb Yasamal Rayon Məhkəməsinə aparılmışdı.
Avqustun 25-i Mehman Əliyevin rəhbərlik etdiyi Turan İnformasiya Agentliyi bəyanat yayaraq, sentyabrın 1-dən etibarən fəaliyyətini qeyri müəyyən müddətə dayandıracağını bildirib. Avqustun 16-sı Vergilər Nazirliyi tərəfindən Turan İnformasiya Agentliyinin ofisində axtarış aparılmışdı.
Jurnalistlər və hüquq müdafiəçiləri baş redaktorun həbsini Azərbaycanda söz və mətbuat azadlığına növbəti basqı kimi qiymətləndirirlər.