“Bu gün, avqustun 12-də yenə Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalst Əfqan Muxtarlı ilə görüşmək istədik. Ancaq yenə də görüşümüzə imkan vermədilər”.
Bu sözləri Nida Vətəndaş Hərəkatının üzvü Samir Əsədli bildirib. O, vurğulayıb ki, Əfqan Muxtarlının ailəsi onlara etibarnamə verib. Ancaq dəfələrlə jurnalistlə görüşə cəhd etsələr də, buna icazə verilməyib.
Samir Əsədlinin sözlərinə görə, Ə.Muxtarlı oxumaqdan ötrü Məhəmməd Əmin Rəsulzadənin əsərlərini istəyib və avqustun 12-də həmin əsərləri təcridxanaya aparıblar:
“Biz də Rəsulzadənin 3 kitabını apardıq, kitabları geri qaytarıb Əfqana vermədilər. Bu hakimiyyət mənsubları Rəsulzadədən, onun ideyalarından qorxduqları kimi kitablarından da qorxurlar”, – S.Əsədli bildirib.
S.Əsədli deyib ki, iyun ayından bu yan hər həftə onlar görüş istəyirlər, təcridxana rəhbərliyi buna imkan vermir:
“Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi məktub verib ki, Ə.Muxtarlı ilə görüşə bilərik. Təcridxana rəhbərliyi buna imkan vermir”, S.Əsədli qeyd edib.
S.Əsədli xatırladıb ki, Ə.Muxtarlı ilə görüş verilməməsinə görə məhkəməyə də müraciət ediblər. Məhkəmə isə görüşə icazə verilmədiyi haqda subutları yetərli saymayaraq şikayəti qəbul etməyib.
Həmin qərardan apellyasiya şikayəti verilib.