Hələ Sovet dağılmamışdan qabaq bir qədər dünyagörüşü çox olan adamlar deyirdilər ki, Rusiya bol-bərəkətli topağı olan regionlardan əlini çəkən deyil. Həqiqətən də belə oldu. Birlik çökməmişdən başlayan hərbi münaqişələr hələ də davam edir. Şübhəsiz ki, Kremldə oturanlar Azərbaycan, Mərkəzi Asiya və Qafqazlar kimi sərvəti saya hesaba gəlməyən regionları əldən verməzdi.
Dəmiri isti-isti döyərlərBunun üçün isə ən gözəl yol münaqişə ocaqları yaratmaq idi. Lakin təəssüflər olsun ki, münaqişələrin içində itib-batan dövlətlərin başında duranlar heç nə olmamış kimi, bütün sənaye obyektlərini, iqtisadiyyatı öz əlləri ilə iflic edib ən böyük düşmənlərinin onların boynuna zəncir keçirməsinə razı oldular.
Bunun nəticəsidir ki, indi Azərbaycan da heçnəsiz düşüb Rusiyanın tələsinə. Qarabağ münaqişəsi bizə çox baha başa gəlir. Söhbət təkcə həlak olan canlardan getmir. Burda məsələ resursların dolayı yolla Kremlin cibinə axmasından gedir.
Rusiya Qarabağı əldə saxlamaqla açıq-aşkar ələ keçirə bilmədiyi Azərbaycanın sərvətlərini dolayı yolla əlində saxlayır. Ona görə də “Dəmiri isti-isti döymək lazım idi”. Lakin görünən odur ki, ortada dəmir olsa da, o dəmiri döyəcək əl hələ də gəlib çıxmayıb.
Təzə mallar gəlib
Bu günlərdə Rusiya yenə öz tör-töküntülərini nömayiş etdirirdi. Amerikanın və digər inkişaf etmiş ölkələrin min bir əziyyətlə araşdırma aparıb 10 illər ərzində ərsəyə gətirdiyi texnikanın daha güclü variantını, nə hikmətdirsə şimal “Qonşumuz” bir neçə ilin içində düzəldir və bunu böyük fəxrlə nümayiş etdirir. Şübhəsiz ki, bu silahlar pul tələsindən başqa bir şey deyil.
Rusiyanın düzəltdiyi hərbi sənaye məhsullarının necə bərbad kefiyyətdə olduğunu, Türkiyənin vurduğu təyyarənin qara qutusunun açıldığı məqamda gördük. Düzdür heç bir texnika qüsursuz deyil. Lakin Rusiyanın düzəltdiyi istənilən texnikanın qüsuru, digərləri ilə müqayisədə kifayət qədər çoxdur və bu səbəbdən də Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsullara verdiyi pul, seyfin qapısını açıb pulları çölə səpələməyə bənzəyir.
Dovşana qaç, tazıya tut
Burda məqsədim heç də hansısa bir xalqı ya dovşana ya da tazıya oxşatmaq deyil, əsla. Lakin məsələ belədir ki, bir ölkədən alınan istənilən texnika çətin ki, bir birinə zidd funksiyada işləsin. Üstəlik Rusiya kimi hiyləgər və qonşularının sərvətini sovurmaqdan başqa bir şey bacarmayan bir dövlətin ədalət prinsipi ilə hərbi ticarət edəcəyi də ağlabatan görünmür.
Odur ki, Rusiya sadəcə, “Mən İsgəndəri Ermənistana verdim. Amma bilirsiniz ki, mən balansı qorumağı sevirəm. Odur ki, Azərbaycan, mən sənə də İsgəndərə qarşı bir şey verə bilərəm. Hə nə deyirsən?” söyləyərək Azərbaycan insanının min bir əzabla, qanı bahasına qazanılan milyardlar havaya sovrulur.
Onsuzda o texnikaların tam işlək vəziyyətdə olduğunu demək çətindir. Lakin işin ən ürəkağrıdıcı tərəfi Azərbaycan hakimiyyətinin Rusiya kimi bərbad xislətli bir dövlətin əlində oyuncağa çevrilməsi və bir vaxtların imperiya qurub imperiya yıxan xalqının isə Ermənistan kimi cılız və rəzil dövlətlə tay tutulmasıdır. Bu məqamı görmək çox ağırdır. Amma yenə ümid itməyib. Necə deyərlər, su gələn arxa bir də gələr. Heç bir şey əbədi deyil.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.